logo

Əhmədli qəsəbəsində yeni kanalizasiya xətləri inşa olunur


Yaradılıb: 29-11-2023 15:32

     

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Şahin Səmədov küçəsində kanalizasiya şəbəkələrinin genişləndirilməsi işləri aparılır.

Şahin Səmədov küçəsinin bir hissəsində kanalizasiya şəbəkəsi olsa da uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşüb. Ərazinin digər hissələrində isə tullantı suları əhali tərəfindən çəkilmiş fərdi xətlərlə kənarlaşdırılıb. Mövcud şəbəkənin istismar tələblərinə cavab verməməsi səbəbindən kanalizasiya sistemində tez-tez problemlər yaranır. Bu ərazidə yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırılmasını təmin etmək məqsədilə layihə hazırlanıb. Daxili imkanlar hesabına həyata keçirilən layihəyə əsasən, Şahin Səmədov küçəsi boyu 3 km uzunluğunda kanalizasiya xətti çəkilir. Ərazidəki evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq. Yeni kanalizasiya xətti yaxınlıqdan keçən 1200 mm diametrli kollektora birləşdiriləcək. Hazırda şəbəkənin yaradılması intensiv qaydada davam edir və işlər cari ilin dekabr ayında yekunlaşacaq.

Tullantı sularının idarə olunması məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitini yaxşılaşdırmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təmin olunması  baxımından mühüm əhəmiyyət daşıyır.