logo

“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi I”


“Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının 4 şəhər və rayon mərkəzində, o cümlədən onlara yaxın kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədi ilə 17 avqust 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında Kredit Sazişi imzalanmış və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 247 s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.

Şamaxı şəhəri üzrə

“Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

 Layihənin icrasına 2010-cu ildə başlanılıb. Şamaxı şəhərini içməli  su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı sutkada 7000 kubmetr (saniyədə 80 litr) olan drenaj tipli sugötürücü qurğu inşa edilib. Su mənbəyində zərərsizləşdirici, nasos stansiyası tikilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə mənbədə və şəhər yaxınlığında ümumi tutumu 8000 kubmetr olan 3 su anbarı kompleksi inşa edilib. Su mənbəyindən və anbarlardan 12,3 kilometr uzunluğunda  magistral kəmərlər çəkilərək şəhər şəbəkəsinə birləşdirilib.

Şamaxı şəhərində 134 kilometr uzunluğunda içməli su şəbəkəsi inşa edilib, 8300 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Bununla da abonentlərə yeni şəbəkə vasitəsilə suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərdə 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 11 kilometr uzunluğunda kanalizasiya kollektoru və kanalizasiya nasos stansiyası inşa edilib. Layihənin sonuncu mərhələsində məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilərək istismara verilib.

Layihə çərçivəsində Şamaxı Sukanal Sahəsi üçün yeni inzibati bina inşa edilib. 02 oktyabr 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Şamaxı şəhərində su və kanalizasiya sistemlərinin istismara verilməsi münasibətilə açılış mərasimi keçirilib.

Qəbələ şəhəri üzrə

"Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihənin icrasına 2011-ci ildə başlanılıb. Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 6 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə 10,5 km magistral su xətti çəkilərək yeni şəbəkəyə birləşdirilib. Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10400 kubmetr olan 7 su anbarı, xlorator qurğusu və  laboratoriya binası inşa edilib.

Qəbələ şəhərində 132 km içməli su şəbəkəsi yaradılıb, 7 mindən çox abonent yeni şəbəkəyə qoşulub və sayğaclaşma işləri aparılıb. Hazırda şəhər əhalisi yeni yaradılmış infrastruktur hesabına keyfiyyətli içməli su ilə təmin olunur. 

Şəhərdə 123 km kanalizasiya şəbəkəsi və 8,2 km kanalizasiya kollektoru, tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilib.

Layihə çərçivəsində Qəbələ Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib istifadəyə verilib.

28 oktyabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Saatlı şəhəri üzrə

"Saatlı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Saatlı şəhərində 22 min nəfərin su təchizatının yaxşılaşmasına hesablanmışdır.

Layihənin icrasına 2012-ci ildə başlanmışdır. Saatlı şəhərini və ətraf kəndlərin keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilmişdir. Bu məqsədlə 2014-cü ildə 62 km uzunluğunda Sabirabad-Saatlı qrup su kəməri tikilib istismara verilmişdir. Şəhərin girişində hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarı inşa edilmişdir.

Layihə çərçivəsində şəhərdə 135 km uzunluğunda şəhərdaxili su şəbəkəsi yaradılmış, 4100 ünvana birləşmə verilərək sayğaclar quraşdırılmışdır. 28 mart 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimi keçirilmişdir. Hazırda şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. 

Şəhərin 112 km-lik yeni kanalizasiya şəbəkəsinin 12 km-lik hissəsi inşa edilmişdir.

Saatlı şəhərinin tullantı suları gələcəkdə Sabirabad rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 80 min kubmetr olan tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır. Bu qurğuda saatlı şəhəri ilə yanaşı, Sabirabad şəhərinin də tullantı suları təmizlənəcəkdir. 

Sabirabad şəhəri üzrə

“Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”  2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhərində 33 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

“Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2012-ci ildə başlanıb. Sabirabad şəhərini içməli su ilə təmin etmək üçün Hacıqabul rayonu ərazisində yerləşən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda Sabirabad-Saatlı magistral su kəməri çəkilib.

Sabirabad şəhərində ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı, 1,8 km uzunluğunda magistral su xətti tikilib. Şəhərdə 150 km içməli su şəbəkəsi tikilib, 7870 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. 15 dekabr 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib. Hazırda yeni şəbəkəyə qoşulmuş istehlakçılar  fasiləsiz içməli su ilə təmin olunur.

Layihə çərçivəsində Sabirabad şəhərində 134 km uzunluğunda kanalizasiya şəbəkəsi və kollektorunun inşası nəzərdə tutulub. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə Sabirabad rayonu ərazisində  məhsuldarlığı sutkada 20 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Bu qurğuda Sabirabad şəhəri ilə yanaşı, Saatlı şəhərinin də tullantı suları təmizlənəcəkdir.

Sabirabad-Saatlı magistral su kəmərindən rayonun 18 yaşayış məntəqəsinə  suyun verilməsi təmin edilib və  40 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.