logo

“Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”


Astara, Daşkəsən, Gədəbəy, Tərtər və Qazax şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində həyata keçirilir. 2011-ci ilin aprelində Azərbaycan Respublikası hökuməti İslam İnkişaf Bankına (İİB) layihənin maliyyələşdirilməsi üçün rəsmi müraciət etmişdir. Həmin ilin dekabrında İİB tərəfindən təqdim edilmiş İstisna Sazişi və Agent Saziş Azərbaycan hökumətinə təqdim edilmişdir. 2012-ci ilin aprelində hər iki saziş Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən imzalanmış, avqustun 25-də qüvvəyə minmişdir.

 

   Gədəbəy şəhəri üzrə

 

       

“Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

“Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2014-cü ildə başlanılmışdır.  Layihəyə əsasən, Gədəbəy şəhərinin içməli su mənbəyi olaraq Südlübulaq (1400 m3/gün) bulağı seçilmiş və burada suqəbuledici qurğu tikilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi həcmi 5500 kubmetr olan 7 ədəd su anbarı, 14,8 km magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilmişdir.

Gədəbəy şəhərində 81km içməli su şəbəkəsinin tikintisi başa çatmış, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılmışdır. Şəhərdə ilk dəfə kanalizasiya sistemi yaradılmış, 47,6 km kanalizasiya şəbəkəsi və 1,5 km kanalizasiya kollektoru tikilmişdir.

Gədəbəy şəhərində tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 3500 kubmetr olan təmizləyici qurğu inşa edilmişdir.

20 avqust 2017-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Gədəbəy şəhərində  içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur. 

Südlübulaq bulaqlarının su ehtiyatı iqlim amillərindən birbaşa asılı olduğundan yay mövsümündə, xüsusilə yağıntıların az olduğu dövrlərdə azalır. Bütün bunlar nəzərə alınaraq rayonun Rüstəm Əliyev kəndi ərazisindəki mövcud bulaqlar alternativ su mənbəyi seçilmişdir. Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində burada məhsuldarlığı sutkada 2600 molan su mənbəyi yaradılmışdır.   

                                                                                                                                             Astara şəhəri üzrə       

   

2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb.Bu layihə Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə həyata keçirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə rayonun 73 min nəfərədək sakinin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 102 min nəfər sakin faydalanacaq.

Astara şəhəri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr olan  qum süzgəcli sutəmizləyici qurğu tikilib. Hazırda bu mənbə hesabına Lənkəran şəhəri və ətraf kəndlər də içməli su ilə təmin olunur. 

Emal prosesindən keçən suyun anbarla ötürülməsi məqsədilə məhsuldarlığı saatda 450 kubmetr olan nasos stansiyası quraşdırılıb, 530 metr daşıyıcı kəmər tikilib.

Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. 10000 kubmetr tutumu olan su anbarı Lənkəran, hər birinin tutumu 5000 kubmetr olan 2 ədəd su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. 

Suyun anbardan Astara şəhərinə nəqli məqsədilə diametri 710 mm olan polietilen boru ilə 29,2 km magistral su xətti inşa edilib. Gələcəkdə Astara rayonunun 27 kəndinin  su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilib.

Layihə çərçivəsində Astara şəhərində 109 km içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 ədəd su sayğacı quraşdırılıb. Hazırda şəhər əhalisi yeni çəkilmiş şəbəkə vasitəsilə 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Suyun optimal idarə olunması məqsədilə 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb.

Astara şəhərində kanalizasiya şəbəkəsinin  yaradılması üçün uzunluğu  70,5 km kanalizasiya şəbəkəsi, 8 km tunel tipli  kanalizasiya kollektoru, 2 kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası layihələndirilmişdir. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.

Tərtər şəhəri üzrə

 “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır.

Layihənin icrasına 2015-ci ilin mayında başlanılmışdır. Tərtər şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün ümumi məhsuldarlığı sutkada 13300 kubmetr  olan 9 subartezian quyusu qazılmış, 3,6 km quyulararası, 2,3 kilometr magistral xətt inşa edilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı, nasos stansiyası tikilmişdir.

Layihə çərçivəsində Tərtər şəhərində 91 km içməli su, 75 km kanalizasiya şəbəkəsi, 3,4 kilometr kanalizasiya kollektoru tikilmiş, hər bir ünvana birləşmə verilmiş və abonentlər sayğaclarla təmin olunmuşdur.

03 dekabr 2016-cı il tarixdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Tərtər şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkələrinin istismara verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

Şəhərdə yaranacaq tullantı suların təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 7500 kubmetr olan təmizləyici qurğu inşa edilir.

 

Daşkəsən şəhəri üzrə

      

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

İcrasına 2015-ci ildə başlanmış layihəyə əsasən, Daşkəsən şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Qarainək bulaqları (1300 m3/gün) və Gurbulaq su mənbəyi (1300 m3/gün) olaraq seçilmiş və suqəıbuledici qurğular qurğular inşa edilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu  4500 kubmetr olan 4 su anbarı, 20,3 km uzunluğunda magistral su kəməri, 2 ədəd nasos stansiyası inşa edilmişdir.

Layihəyə çərçivəsində Daşkəsən şəhərində inşası planlaşdırılan 17 km paylayıcı su şəbəkəsinin tikintisi başa çatmış, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılmışdır. Yeni yaradılmış su təchizatı sistemi ilə Daşkəsən şəhərinə fasiləsiz suyun verilməsi təmin edilmişdir.

Daşkəsən şəhərində 11,5 km kanalizasiya şəbəkəsinin tikintisi başa çatmışdır. Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə sutkalıq məhsuldarlığı 3500 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilmişdir. 

Layihə çərçivəsində rayonun 1500 min nəfər əhalisinin yaşadığı Alunitdağ və Mədənçilər qəsəbələrinə də içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Artıq Alunitdağ qəsəbəsinə su verilib, Mədənçilər qəsəbəsinə də suyun verilməsi təmin olunacaq. 

22 iyul 2021-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə "Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılış mərasimi keçirilib.

Qazax şəhəri üzrə

 “Qazax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.

Layihənin icrasına 2019-cu ildə başlanmışdır. Qazax şəhərini və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusunun qazılmışdır. Su mənbəyindən Qazax şəhərinə 9 km magistral su kəməri çəkilmişdir. Şəhər yaxınlığında hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarının tikintisinə başlanılmışdır.

Layihə çərçivəsində Qazax şəhərində inşası nəzərdə tutulan 106 km paylayıcı su şəbəkəsinin, 82,3 km kanalizasiya şəbəkəsinin, 4,4 km kanalizasiya kollektorunun inşası nəzərdə tutulmuşdur. Hazırda quyuların qazılması, anbar və şəbəkələrin tikintisi davam etdirilir.

Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisinə başlanıb.