logo

“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”


 Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nə dair Kredit Sazişi  29 may 2009-cu il tarixdə imzalanmış və 30 iyun 2009-cu il tarixdə qüvvəyə minmişdir.  Layihə Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir.   

Qusar şəhəri üzrə

“Qusar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19,6 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən  istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihə üzrə tikinti-quraşdırma işlərinə 2012-ci ilin aprelində başlanılmışdır. Qusar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı sutkada 7300 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilmiş, 17,4 km uzunluğunda magistral su xətti çəkilmişdir.  Eyni zamanda ümumi tutumu 3000 kubmetr olan 3 su anbarı,  2,8 km uzunluğunda anbarlararası su xətti inşa olunmuşdur.

Qusar şəhərində 106 km içməli su şəbəkəsi, 105 km kanalizasiya şəbəkəsi tikilmiş, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılmışdır. Layihə çərçivəsində Qusar Sukanal Sahəsi üçün yeni inzibati bina tikilmişdir.

08 sentyabr 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Qusar şəhərində içməli su və kanalizasiya layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilmişdir. 

Xaçmaz şəhəri üzrə

Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq.

Xaçmaz şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün şəhərin mövcud su mənbəyi olan Uçqun bulağı seçilib. Suqəbuledici qurğularda əsaslı yenidənqurma işləri aparılaraq mənbənin məhsuldarlığı saniyədə 19,8 min kubmetrə çatdırılıb. Layihə çərçivəsində hər birinin həcmi 3 min kubmetr olan 2 anbar inşa olunub və su mənbəyindən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə 1,9 kilometr magistral su xətti çəkilib. 

Layihə çərçivəsində Xaçmaz şəhərində 148 kilometr içməli su,  136 kilometr kanalizasiya şəbəkəsi  tikilib, 10 minədək abonentin yeni şəbəkələrə qoşulması təmin edilib, sayğaclar quraşdıerılıb. Eyni zamanda, tullantı suların təmizləyici qurğuya ötürülməsi məqsədilə 1,2 kilometr uzunluğunda əsas daşıyıcı kollektor tikilib. Şəhərdə yaranan tullantı suları rayon ərazisində inşa edilən və sutkalıq məhsuldarlığı 20 min kubmetr olan tullantı təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

Layihə çərçivəsində Regional Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub.

04 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimi keçirilib.

Xızı şəhəri və Altıağac qəsəbəsi üzrə

Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkələrinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. 

 Xızı rayonunda yüksək məhsuldarlığa malik su mənbələri olmadığından yaşayış məntəqələrinin su təchizatının müxtəlif mənbələr hesabına təmin olunması layihələndirilib. Layihəyə əsasən Xızı şəhərinin və Altıağac qəsəbəsinin əsas su mənbəyi sayılan Dahardibidə məhsuldarlığı gündə 864 kubmetr, Qarsda məhsuldarlığı gündə 430 kubmetr, Şəfada məhsuldarlığı gündə 240 kubmetr və Yeddibulaqda məhsuldarlığı gündə 40 kubmetr olan sugötürücü qurğular inşa olunub. Ümumi tutumu 1400 kubmetr olan 4 anbar tikilib, mənbələrdən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə, ümumilikdə, 18 kilometr magistral su xətti çəkilib.

Layihə çərçivəsində Xızı şəhərində və Altıağac qəsəbəsində 52,4 kilometr içməli su və 32,4 kilometr kanalizasiya şəbəkələrinin, həmçinin şəbəkə üzərində 1513 baxış quyusunun inşası başa çatdırılıb, hər bir evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Layihəyə uyğun olaraq Xızı Sukanal Sahəsi üçün müasir tipli inzibati bina inşa olunub.

04 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması layihəsinin yekunlaşması münasibətilə açılış mərasimi keçirilib.

Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə Xızı şəhərində (1500 kubmetr/sutka) və Altıağac qəsəbəsində (350 kubmetr/sutka) tullantı sutəmizləyici qurğuların inşası yekunlaşmaq üzrədir.

 

Naftalan şəhəri üzrə

“Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9800 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. 

Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2013-cü ilin  əvvəlində başlanılmışdır. Naftalan şəhərinin və ətraf kəndlərin  dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4  km magistral su xətti çəkilmiş, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilmişdir.  

Layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılmış, abonentlərə ev birləşmələri verilmiş, sayğaclar quraşdırılmışdır. Eyni zamanda şəhərdə 37,7 km  kanalizasiya şəbəkəsi yaradılmış, 1,8 km uzunluğunda kanalizasiya kollektoru inşa edilmişdir. Layihəyə uyğun olaraq Naftalan Sukanal İdarəsi üçün yeni inzibati bina  tikilmişdir.

 10 sentyabr 2013-cü ildə  Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun  verilməsi mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

Naftalan şəhərində yaranan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 3 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Layihə çərçivəsində rayonun 3200 nəfər əhalinin yaşadığı Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə də içməli suyun verilməsi təmin edilib.

Qobustan şəhəri üzrə

"Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi  2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin  içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanıb.

Layihənin icrasına 2015-ci ildə başlanılıb. Qobustan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Təsi kəndinin yaxınlığında  6 ədəd subartezian quyusu qazılıb. Mənbədən götürülən suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məhsuldarlığı sutkada 3800 kubmetr olan əks-osmos tipli içməli sutəmizləyici qurğu inşa edilib. Su mənbəyindən şəhərə 14,4 km magistral su xətti çəkilib və kəmərin marşrutu boyunca Təsi və Bədəlli kəndlərində nasos stansiyası quraşdırılıb, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 2 ədəd su anbarı inşa edilib.

Qobustan şəhərində 68 km uzunluğunda içməli su şəbəkəsi yaradılıb və 2060 ünvana birləşmə verilib. Hazırda şəhər əhalisi yeni yaradılmış infrastruktur hesabına keyfiyyətli içməli su ilə təmin olunur. 

Layihə çərçivəsində ilk dəfə olaraq Qobustan şəhərində kanalizasiya infrastrukturu da yaradılıb. Şəhərdə 42 km kanalizasiya şəbəkəsi və 7 km kanalizasiya kollektoru inşa edilib. Tullantı suların təmizlənib zərərsizləşdirməsi məqsədilə məhsuldarlığı sutkada 2500 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir.  Layihə çərçivəsində Qobustan Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib istifadəyə verilib.

Yeni yaradılmış infrastruktur hesabına 7 min nəfərin yaşadığı Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə də içməli suyun verilməsi təmin edilib.

02 oktyabr 2017-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin istismara verilməsi münasibətilə açılış mərasimi keçirilib.