logo

Fərdi həyət evlərində sayğacların quraşdırılması işləri davam etdirilir


Yaradılıb: 22-11-2023 16:26

       

İçməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi və sudan qənaətlə istifadənin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Bu sahədə abonentlərin, xüsusilə də, həyət evlərinin sayğaclaşdırılması  mühüm əhəmiyyət daşıyır. İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının, eləcə də Su Ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planının icrasını təmin etmək məqsədilə sayğaclaşma işləri sürətləndirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Bakıətrafı qəsəbələrdə yerləşən həyət evlərində su sayğaclarının quraşdırılması işləri aparılır. Bu ilin sonunadək 10 mindən çox sayğacın quraşdırılması nəzərdə tutulub. Qısa müddət ərzində 2 mindən çox sayğacın quraşdırılması təmin edilib.

   

Qeyd edək ki, bina evləri ilə müqayisədə həyət evlərində su sərfiyyatı daha çox olur. Sayğac olmayan həyət evlərində hesabat faktiki yaşayanların sayına uyğun aparılır ki, bu da uçotun tam dəqiq olmasına imkan vermir. Xüsusilə yay alarında suvarma dövründə həyət evlərində istifadə olunan suyun həcmi hesabatlardan qat-qat çox olur. Aparılan araşdırmalar və təhlillər göstərir ki, sayğacla təmin olunmayan həyət evlərində sudan israfçılıqla istifadə edilir və aylıq sərfiyyat sayğaclı abonentlərlə müqayisədə xeyli çoxdur.

Təhlillər göstərir ki, sayğac quraşdırılan ərazilərdə ümumilikdə istifadə olunan suyun həcmi azalır, satılan suyun həcmi isə əksinə artır. Bu da son nəticədə itkilərin aşağı salınmasına gətirib çıxarır.

Yeri gəlmişkən,  həyət evlərində sayğacların quraşıdırılması dövlət vəsaiti hesabına aparılır və buna görə abonentlərdən heç bir ödəniş tələb olunmur. Vətəndaşlar sayğac quraşıdıran əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşarsa 955 Zəng mərkəzinə müraciət edə bilərlər.

Cari ilin yanvar-oktyabr aylarında “Azərsu” ASC tərəfindən 120 min ədəd sayğac quraşdırılıb. Hazırda abonentlərinin 89,5 faizi sayğacla təmin olunub, əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3 faiz, qeyri-əhali qrupu üzrə isə 96,5 faiz təşkil edir.