logo

Suraxanı rayonunda içməli sudan qeyri-qanuni istifadə hallarının qarşısı alınıb


Yaradılıb: 30-08-2023 15:13

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.

Suraxanı rayonunda keçirilən nəzarət tədbirləri nəticəsində bir sıra obyektlərdə sudan qanunsuz istifadə halları aşkarlanıb. Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində fəaliyyət göstərən Ömür marketdə sudan qanunsuz istifadə faktı müəyyən edilib. Obyektin içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkar edilib. Belə ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən istifadə edib. Sudan qanunsuz istifadə ilə bağlı oxşar vəziyyətə həmin küçədə yerləşən bir neçə obyektdə - Oba market və ərzaq məhsullarının satışı ilə məşğul olan digər obyektdə də rast gəlinib. Həyata keçirilən nəzarət tədbirləri zamanı Zığ şosesində “Qum bazarı” kimi fəaliyyət göstərən obyektin də sudan qanunsuz istifadə etdiyi müəyyən edilib. Aşkar edilmiş bütün qeyri-qanuni birləşmələr əraziyə cəlb edilmiş qəza briqadası tərəfindən kəsilərək ləğv edilib.

   

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi olaraq bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 10783, Suraxanı rayonunda isə 400 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.