logo

Tovuz rayonunun 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 03-03-2023 17:19

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Tovuz rayonunun sərhədyanı bölgədə yerləşən 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Hacıallı və Mülkülü kəndlərini əhatə edir.

İndiyədək Ağdam və Vahidli kəndlərinin sakinləri içməli suya olan tələbatlarını əsasən uzaq məsafədən daşımaqla ödəyiblər. Digər kəndlərdə isə suvarma üçün nəzərdə tutulan subartezian quyularından, Tovuzçaydan və kəhriz sularından istifadə olunub. Layihənin əhatə etdiyi bəzi kəndlərdə sakinlər tərəfindən fərdi qaydada çəkilmiş su xətləri normal su təminatına imkan vermirdi. 

     

Təsdiqlənmiş layihəyə uyğun olaraq Ağdam və Vahidli kəndlərinə içməli su mövcud drenaj qurğusu və bulaqlardan, Əlibəyli, Hacıallı, Mülkülü, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə isə yeni qazılacaq 7 subartezian quyusundan  veriləcək. Quyu sularının təmizlənməsi üçün xlorator qurğusu, nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Layihəyə əsasən əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılacaq. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. İndiyədək 31 kilometr uzunluğunda magistral su kəmərlərinin 13 kilometrlik hissəsi inşa edilib. Eyni zamanda 150 kilometr şəbəkə su xətlərinin 111 kilomerlik hissəsi tikilib. Layihə çərçivəsində Tovuz rayonunun 7 kəndində əhalinin ümumi istifadəsi üçün 690 ədəd bulağın quraşdırılması nəzərdə tutulub.

Tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Tovuz rayonunun 7 kəndində 20 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq. Qeyd edək ki, Tovuz rayonun ilə yanaşı, hazırda Qazax, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

https://www.youtube.com/watch?v=DWNHr5I7sTk&ab_channel=Az%C9%99rsuASC