logo

Mətbuat nümayəndələri Hadrut qəsəbəsinin içməli su sistemləri ilə tanış olublar


Yaradılıb: 08-05-2021 15:37

       

       “Azərsu” ASC-nin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələrinin Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə səfəri  təşkil edilib. Səfər çərçivəsində jurnalistlər qəsəbənin içməli su təchizatı sistemləri ilə tanış olublar.

          Kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat verilib ki, Hadrut qəsəbəsi işğaldan azad olunduqdan və Vətən Müharibəsi başa çatdıqdan dərhal sonra azad edilmiş digər yaşayış məntəqələrində olduğu kimi bu qəsəbədə də infrastrukturun bərpasına başlanılıb. Prezident İlham Əliyevin tapşırıqlqarına uyğun olaraq ilk növbədə həyati əhəmiyyət daşıyan içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

44 günlük müharibədən sonra Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin içməli su təchizatındakı vəziyyəti qiymətləndirmək üçün “Azərsu” ASC-nin mütəxəssisləri Hadruta ezam edilib. Qeyd edək ki, qəsəbə əvvəllər 2 mənbə - bulaqlar və subartezian quyuları hesabına  içməli su ilə təmin olunub. Müharibə başa çatdıqdan sonrakı ilk günlərdə bulaqlardan su gəlmədiyindən generatorlar vasitəsilə subartezian quyuları işə salınıb və məskunlaşma olan bina və tikililər su ilə təmin edilib. Sonra Müdafiə Nazirliyinin nümayəndələri ilə birlikdə təhlükəsizlik tədbirləri görülməklə qəsəbədən 5,5 kilometr şimalda yerləşən əsas su mənbəyi olan bulağa baxış keçirilib, magistral su kəməri təftiş olunub. Mənbə və magistral kəmərdə təmir-bərpa işləri görülüb və qəsəbəyə suyun verilişi təmin edilib.

   

Eyni zamanda qəsəbənin su mənbələrindən, anbarlardan su nümunələri  götürülərək yoxlanılıb. Hadrut qəsəbəsinə səfər zamanı “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları tərəfindən növbəti dəfə su nümunələri götürülüb.

Qeyd edək ki, Hadrut qəsəbəsinin relyef baxımından yüksək nöqtələrində 5 su anbarı mövcuddur ki, hazırda onlardan 4-ü istismar edilir. Həm bulaqdan, həm də subartezian quyularından nəql olunan sular bu anbarlarda toplanaraq, şəhər şəbəkəsinə ötürlür.

Ötən müddətdə Hadrut qəsəbəsinin şəbəkəsində 30-dan çox qəza aradan qaldırılıb. 2000-dən çox mənzildə su xətləri təftiş olunub, qış aylarında donvurmaların qarşısını almaq üçün tədbirlər görülüb.

Hazırda qəsəbədə hərbi və mülkü binalar fasiləsiz içməli su ilə təmin olunur və şəbəkəyə saatda 55-60 kubmetr su ötürülür.