logo

Bakı Sukanal İdarəsində mülki müdafiə təlimi keçirilib


Yaradılıb: 15-09-2023 16:16

     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərancamına əsasən, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də silsilə yubley təbirləri davam edir.   “Azərsu” ASC tərəfindən Bakı Sukanal İdarəsinin mülki müdafiə qüvvələrinin iştirakı ilə Hövsan Aerasiya stansiyasının ərazisində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında təlim keçirilib. Təlimə İdarənin mülki müdafiə üzrə rəhbər (FHK, MMQ), komandir-rəis heyətləri, mülki müdafiə dəstələrinin şəxsi heyəti, ümümilikdə 70 nəfər və həmçinin 8 ədəd müxtəlif təyinatlı texnika cəlb edilib. O cümlədən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  bir qrup əməkdaşı və nəqliyyat texnikası təlimə cəlb olunub.

   

 “Azərsu” ASC-nin Mülki müdafiə qərargahının rəisi, təlimin rəhbəri Cahangir Şərifov bildirib ki, nümunəvi kompleks mülki müdafiə təliminin keçirilməsində məqsəd xalqımızın Ulu Öndər Heydər Əliyevin hər zaman xüsusi diqqətdə saxladığı vətəndaşların həyat və təhlükəsizliyinin təmin edilməsi  məsələləri  ilə əlaqədar mülki müdafiə qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri həyata keçirərkən fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının və mülki müdafiə dəstələrinin qarşılıqlı  fəaliyyətinin təkmilləşdirilməsidir.

   

Təlim prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin və dağıntılar altında qalanların axtarışı və xilas edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin 300 nəfərlik mühafizə qurğusuna (sığınacağa) və təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqlar yerinə yetirib. Təlimin gedişində fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı “Azərsu” ASC-nin mülki müdafiə qüvvələrinin öz aralarında, həmçinin Azərbaycan Respublikası Fövqəla Hallar Nazirliyinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qüvvələri ilə qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Sonda təlimin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.