logo

Sumqayıt şəhərində obyektlərdə və yaşayış evlərində içməli sudan qanunsuz istifadənin qarşısı alınıb


Yaradılıb: 11-07-2023 15:00

   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri gücləndirib. Bu məqsədlə Sumqayıt şəhərində keçirilən nəzarət tədbirləri nəticəsində sudan qanunsuz istifadə halları aşkarlanıb. Sülh küçəsi, 76-cı məhəllə adlanan ərazidə fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər, texniki şərt almadan, müqavilə bağlamadan  yaxınlıqdan keçən su şəbəkəsinə qeyri-qanuni birləşmələr verərək mənzilləri içməli su ilə təmin edib. Bundan başqa, adıçəkilən ünvanda yerləşən bir neçə həyət evinin də sudan uçotsuz istifadə etdiyi aşkar olunub. Mənzil sahibləri yaxınlıqdan keçən magistral xəttə birləşmə verərək suyu talayıblar. Əraziyə dəvət olunmuş qəza briqadası tərəfindən qeyri-qanuni çəkilmiş su xətləri ləğv edilib.

Nəzarət tədbirləri zamanı fərdi yaşayış evləri ilə yanaşı kommersiya obyektlərində də sudan qanunsuz istifadə halları müəyyən edilib. Belə ki, şəhərin 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsində yerləşən “Cafe shop” adlı kafedə sudan qanunsuz istifadə faktı aşkarlanıb. Obyektin sahibi texniki şərt almadan, müqavilə bağlamadan özbaşına yaxınlıqda yerləşən yaşayış binasının su xəttinə qoşulma edib. Oxşar vəziyyətə şəhərin 12-ci mikrorayon ərazisində yerləşən “Caillou Scholl” tədris mərkəzində də rast gəlinib. Tədris mərkəzinin yaxınlığındakı binanın su xəttinə özbaşına birləşmə edilərək sudan qanunsuz istifadə edilib. Obyektin icarədarına qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilsə də, o buna məhəl qoymayaraq, belə hala təkrar yol verib. Qanunsuz xətlər kəsilərək ləğv  edilib.

   

Mənzil və obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 8899, Sumqayıt şəhərində isə 202 fakt aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.