logo

Abşeron rayonunda bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb


Yaradılıb: 24-06-2023 14:39

       

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.

Abşeron rayonu, Hökməli – Qobu yolu üzərində bir sahibkara məxsus 3 obyektdə - “Üç qardaş” kafesi, “Kəndimizin təndir”i və avtomobil yuma məntəqəsində suyun talanması faktı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz şəkildə istifadə edib. Masazır qəsəbəsində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sahibi də suyu talayıb. Sahibkar obyektin yaxınlığından keçən 200 mm diametrli magistral xəttə özbaşına birləşmə edib. Sudan qanunsuz istifadə ilə bağlı obyektin su təchizatı dayandırılıb.

     

Aşağı Güzdək qəsəbəsində yerləşən “Zirvə” kafesinə su sayğacı quraşdırılsa da, obyekt sahibi sayğacdankənar əlavə xətt çəkərək sudan qanunsuz istifadə edib. Sudan qeyri-qanuni istifadəyə görə dəymiş ziyan hesablansa da  obyekt sahibi ödənişdən yayınıb. Hətta sahibkar yığılmış borcların hissəli ödənilməsi üçün güzəşt imkanından da yararlanmayıb. Hökməli qəsəbəsində yerləşən ət kəsimi məntəqəsinin sahibi də texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edib.

Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında 7316, Abşeron rayonunda isə 658 fakt aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.