logo

Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 21-06-2023 14:32

   

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bölgələrdə qəsəbə və kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılır.

Muğan qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihənin birinci mərhələsi üzrə işlər yekunlaşmaq üzrədir. Layihə çərşivəsində qəsəbədə yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılır. Qeyd edək ki, 1970-ci illərin sonlarında Kür-Bakı magistral su kəmərindən Muğan qəsəbəsinə içməli su verilib və qəsəbənin bir hissəsində su şəbəkəsi yaradılıb. Lakin ötən müddətdə inkişaf əraziləri genişlənərək qəsəbədə əhalinin sayı 3 dəfəyədək artıb. Qəsəbənin paylayıcı şəbəkə ilə əhatə olunmayan  ərazilərində əhalinin bir hissəsi tikinti normalarına uyğun olmayaraq çəkilmiş fərdi xətlərdən istifadə edib, bəzi sakinlər isə içməli suyu maşınlarla alıb. Mövcud içməli su şəbəkəsi də istismar müddətini başa vurduğundan normal su təchizatını aparmağa imkan vermirdi. Xüsusilə yay aylarında su təchizatında ciddi çətinliklər müşahidə olunurdu. İstismar müddəti başa çatmış şəbəkə və əhali tərəfindən primitiv çəkilmiş su xətləri həm də ciddi su itkilərinə səbəb olurdu. Yeni mərkəzləşdirilmiş şəbəkənin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin də su təchizatı sisteminə qoşulmasına imkan verib.

 

Qeyd edək ki, layihə çərçivəsində Kür-Bakı su kəmərindən Muğan qəsəbəsinə əlavə çıxış verilib və 2 km uzunluğunda magistral su xətti çəkilib.  Eyni zamanda qəsəbə ərazisində 10 km uzunluğunda yeni mərkəzləşdirilmiş  içməli su şəbəkəsi  yaradılıb, abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. 

6 minədək sakinin yaşadığı Muğan qəsəbəsinin digər ərazilərində yeni içməli su şəbəkəsinin yaradılması layihənin növbəti mərhələlərində həyata keçiriləcək. Bununla da qəsəbə sakinləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq, dəqiq uçot qurulmaqla su itkiləri minimuma endiriləcək və israfçılığın qarşısı alınacaq.