logo

“Ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı” mövzusunda tədbir keçirilib


Yaradılıb: 23-12-2022 16:58

       

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı,  xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq aləmdə nüfuzu ildən-ilə artaraq regionun lider dövlətinə çevrilib. “19 il əvvəl “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - söyləyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng işlərlə bunu bir daha sübut edib. Cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasətin verdiyi əvəzsiz töhfələr ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlərlə müşahidə olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir”.

Azərbaycanda əhalinin içməli su təchizatı və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu xatırladan K.Həsənov Prezident İlham Əliyevin bu sahənin inkişafına böyük diqqət göstərdiyini bildirib. Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə su təsərrüfatı sektorunda həyata keçirilən bütün layihələr və görülən işlər vətəndaşların sağlamlığı və sosial rifahının yaxşılaşdırılmasına hesablanıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ümummilli liderin başladığı uğurlu siyasətin onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malik dövlət kimi qəbul olunub. Azərbaycanın  birmənalı şəkildə bölgənin lider dövləti kimi qəbul edilməsi məhz Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.

     

B.Nəbiyev  Yeni Azərbaycan Partiyasının öz siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri onun cəmiyyətdəki mövqelərini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib. Partiya üzvlərinin sayının ildən-ilə artdığını xatırladan B.Nəbiyev yeni üzvlər arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayıb.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli və tullantı su təchizatı xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələrdən bəhs edib. Bildirib ki, su təsərrüfatı sektorunda islahatların vacibliyini nəzərən alan Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamla “Azərsu” ASC yaradılıb. Ötən müddətdə Oğuz-Qəbələ-Bakı magistral su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri, ümumilikdə 44 yeni su mənbəyi yaradılıb. Hazırda işğaldan azad edilmiş Şuşa şəhəri, Ağdam, Füzuli, Kəlbəcər, Laçın şəhərlərində və digər ərazilərdə su təchizatı infrastrukturunun bərpası, eləcə də yaradılması  işləri davam etdirilir.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı içməli və tullantı su təchizatı sektorunda dövlət başcısının təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələr barədə təqdimatla çıxış edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan gənc əməkdaşlara vəsiqələr təqdim olunub.