logo

Fövqəladə halların aradan qaldırılması məqsədilə mülki müdafiə məşqi keçirilmişdir


Yaradılıb: 30-10-2014 15:01

        

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mülki müdafiə üzrə 2014-cü il  üçün Tədbirlər Planına uyğun olaraq Hövsan Aerasiya Stansiyasının ərazisində növbəti mülki müdafiə məşqi keçirilmişdir. Mülki müdafiə məşqinə Hövsan Aerasiya Stansiyasının rəhbər, komandir-rəis heyətləri, 10 mülki müdafiə dəstəsinin şəxsi heyəti, ümumilikdə 50-dək işçi cəlb olunmuşdur.

Obyekt mülki müdafiə məşqinin keçirilməsində məqsəd fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri üzrə hazırlıq vəziyyətinin yoxlanılması olmuşdur.

Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilmiş və mühafizə vasitələri ilə təchiz olunmuşdur. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılmış, imitasiya yerlərinin (dağıntı, zəhərlənmə, yanğın və s.)  hazırlanmasına diqqət yetirilmişdir. Məşq zamanı daldalanma yerlərinin hazırlanması, işçilərin təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi mühafizə vasitələrinin paylanması, xilasetmə  işlərinin aparılması və s. kimi tədbirlərə hazırlıq vəziyyətinə nəzarət edilmişdir.

Məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, zəhərlənmə baş vermiş ərazidə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımının göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetirmişlər.

Sonda məşqin nəticələri təhlil edilmiş, hər bir iştirakçının fəaliyyəti qiymətləndirilmiş, nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı şəxsi heyətə tövsiyələr və tapşırıqlar verilmişdir.