logo

Genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilmişdir


Yaradılıb: 29-10-2014 15:19

              
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Təsdiqlənmiş dövlət proqramlarının icrasını təmin etmək, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2014-cü ilin 9 ayı ərzində  genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilmişdir.

   2014-cü ilin yanvar-sentyabr ayları ərzində "Azərsu" ASC tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin respublikanın 24 şəhər və rayon mərkəzlərində dövlət büdcəsi vəsaitləri  və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilmişdir.

  Gəncə şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl mənbəyindən  24,5 km uzunluğunda magistral su xəttinin tikintisi başa çatdırılmış və şəhərə suyun verilməsi təmin edilmişdir. Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış, 61,6 km uzunluğunda Talış-Sabirabad-Saatlı magistral su xəttinin tikintisi həyata keçirilmişdir.  Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan məhsuldarlığı sutkada  30 min kubmetr olan  Xanbulan sutəmizləyici qurğusunun tikintisi layihəsi icra edilmişdir.

         

  9 ay ərzində Bakı şəhəri və Abşeron yarımadasında da içməli su və kanalizasiya layihələrinin icrası davam etdirilmişdir. Böyük infrastruktur layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusunun tikintisi üzrə əsas işlər başa çatdırılmışdır.  Ceyranbatan-Balaxanı-Qala-Zirə magistral su xəttinin 22,2 km-lik Qala-Zirə hissəsinin tikintisi yekunlaşmışdır.

  Yanvar-sentyabr ayları ərzində  Bakı şəhəri və Abşeron yarımadasında tunel tipli  kanalizasiya kollektorlarının tikintisi istiqamətində ciddi  işlər görülmüş, hazırda Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Bakıxanov-Qaraçuxur, Bayıl-Bibiheybət-Lökbatan, Pirşağı tunel tipli kanalizasiya kollektorlarının inşası davam etdirilir.

  Ümumilikdə  yanvar-sentyabr aylarında Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda 842,5 km uzunluğunda magistral və paylayıcı su xətləri çəkilmişdir. Çəkilmiş su xətlərinin 631 km-i regionlarda həyata keçirilmiş layihələrin payına düşür. 9 ay ərzində 235 km-i regionlarda olmaqla 267 km uzunluğunda kanalizasiya və yağış suları xətlərinin çəkilişi təmin edilmişdir. Ötən müddətdə regionlarda 14 ədəd su anbarı tikilmiş, 12 subartezian quyusu istismara verilmişdir. Yanvar-sentyabr aylarında 119 min ədəd smart-kart tipli su sayğacı quraşdırılmışdır ki, bunların da 45 mini bölgələrin payına düşür.

 Tikinti-quraşdırma işləri üzrə layihələrin icrası nəticəsində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmişdir. Ümumilikdə icra olunan layihələr 358 min nəfərin içməli su təchizatını yaxşılaşdırmışdır.