logo

“Azərsu” ASC-nin 2014-cü ilin yanvar-sentyabr ayları üzrə fəaliyyətinə həsr olunmuş müşavirə keçirilmişdir


Yaradılıb: 27-10-2014 16:05

            

Oktyabrın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2014-cü ilin yanvar-sentyabr aylarının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin inkişafına yeni-yeni töhfələr vermişdir. 2014-cü ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.

2014-cü ilin yanvar-sentyabr ayları ərzində infrastruktur sahələrində, o cümlədən, su təchizatı və kanalizasiya sektorunda mühüm tədbirlər həyata keçirilmişdir.  “Azərsu” ASC-nin sədri bildirmişdir ki, 9 ay ərzində  su istehsalı 538 milyon kubmetr təşkil etmiş,  bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 13 milyon kubmetr çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə su itkiləri azalmış və bu tendensiya davam etməkdədir.  Adambaşına su istehlakı ötən ilin 9 ayında  175 kubmetr metr olduğu halda bu ilin müvafiq dövründə həmin göstərici 165 kubmetrə düşmüşdür. Hesabat dövrünün sonuna abonentlərin  sayı 1 milyon 309 minə çatmışdır.

Dövlət büdcəsi hesabına, həm də beynəlxalq maliyyə qurumları ilə birgə maliyyələşdirilən layihələrin icrası davam etdirilmidir: Dövlət başçısının əhalinin  24 saat  fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq ötən müddətdə respublikanın bütün bölgələrində tikinti-quraşdırma işləri davam etdirilmişdir. Mühüm infrastruktur obyektlərindən olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi yekunlaşmaq üzrədir və ilin sonuna qədər qurğunun sınaq istismarı həyata keçiriləcəkdir.  Bu qurğunun tikintisi başa çatdıqdan sonra biz artıq suyun keyfiyyəti ilə bağlı mühüm addımlar atmış oluruq. Böyük layihələrimizdən biri olan Ceyranbatan-Balaxanı-Qala-Zirə magistral su xəttinin Qala-Zirə hissəsinin tikintisi başa çatdırılıb. Bununla da  Abşeron yarımadasında ciddi bir su mənbəyi yarada bilmişik. Magistral su xəttinin marşrutu boyunca iritutumlu anbarların bir hissəsinin tikintisi yekunlaşıb, bəzi anbarların inşası davam etdirilir”.

     

2014-cü ilin yanvar-sentyabr ayları ərzində regionlarda da bir sıra mühüm layihələr həyata keçirilmişdir. Saatlı və Sabirabad şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış Talış-Saatlı-Sabirabad  magistral su xəttinin tikintisi yekunlaşmaq üzrədir və   noyabr ayında kəmərin açılışı nəzərdə tutulur. Eyni zamanda Saatlı  və Sabirabad şəhərlərinin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri  davam etdirilir.

 Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi işləri 90 faiz icra olunub. Bu layihə üzrə Göyçay şəhərində də yeni su və kanalizasiya sistemlərinin  yaradılması tamamlanmaq üzrədir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı və Qobustan şəhərləri üzrə layihələrin icrası məqsədi ilə tender işləri başa çatmışdır. Bununla yanaşı, Naftalan şəhərində şəbəkələrin tikintisi işləri  yekunlaşmaq ərəfəsindədir. İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində  Gədəbəy, Daşkəsən, Samux, Tərtər,  Qazax və Astara şəhərlərində yeni layihələrin icrasına hazırlıq görülür.

Cari ilin 9 ayı ərzində Bakı şəhəri və Abşeron yarımadasında tunel tipli  kanalizasiya kollektorlarının tikintisi istiqamətində ciddi  işlər görülmüş, indiyədək 15 km uzunluğunda tunel tikilmiş və tunel qazma işləri davam etdirilməkdədir. Bu  kollektorlar gələcəkdə paytaxtda və ətraf qəsəbələrdə yeni kanalizasiya şəbəkələrinin tikintisinə zəmin yaradacaq, eyni zamanda tullantı sularının təmizləyici qurğulara ötürülməsini asanlaşdıracaqdır.

Tikinti-quraşdırma işləri ilə yanaşı, digər sahələrdə də mühüm tədbirlər həyata keçirilmişdir. Ötən müddətdə inzibati xətalar və cinayət məcəllələrinə edilən dəyişikliklər, “Sudan istifadə qaydaları”nın təsdiqi və s. məsələlər istehlakçılarla hüquqi münasibətlərin tənzimlənməsinə xidmət edir.

    

 Qeyd olunmuşdur ki, kadr  hazırlığı  və təlimlərin keçirilməsi Səhmdar Cəmiyyətin prioritet vəzifələri olaraq qalır. Cari ilin 9 ayı ərzində müxtəlif sahələri əhatə edən 46 təlimdə 2050 işçi iştirak etmişdir. Bu il regionlarda təlimlərin keçirilməsi daha məhsuldar nəticələrin əldə edilməsinə şərait yaratmışdır. Hazırda Hövsan Aerasiya Stansiyası ərazisində Təlim-tədris Mərkəzinin tikintisi başa çatdırılır. Fransanın SUEZ Environnement şirkəti ilə imzalanmış saziş çərçivəsində qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 işçi təlimlərə cəlb olunacaq. Eyni zamanda perspektivdə təlimlərin keyfiyyətlə təşkil edilməsi məqsədilə bu mərkəzdə  250 təlimçi hazırlanacaqdır.   

   Qorxmaz Hüseynov qeyd etmişdir ki, “Azərsu” ASC-nin yeni inzibati binasının tikintisi üzrə işlər yekunlaşmaq üzrədir və gələn il bina istifadəyə veriləcəkdir.  “+ 82 Qərb” su anbarının yerləşdiyi ərazidə ümumi sahəsi 1,6 hektar olan istirahət parkının yaradılması üzrə işlər davam etdirilir. 2014-cü ilin aprelində İkinci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgi və Konfransının keçirilməsi, “Asan xidmət” mərkəzlərində “Azərsu” ASC-nin bəzi müştəri xidmətlərinin təşkili ötən dövrün yaddaqalan hadisələrindən olmuşdur.


   Daha sonra “Azərsu” ASC sədrinin tikinti üzrə müavini Seymur Seyidov, Hüquq departamentinin rəisi Faiq Kazımov, Abonent işləri departamentinin rəis müavini Elşad Quliyev,  Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov, ““H.Z.Tağıyev adına su kəmərləri” idarəsinin rəisi Şakir Məmmədov, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin direktoru Bəhlul Ramazanov, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin direktoru Bayram Məmmədov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə  2014-cü ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər.  

                           

 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. Səhmdar Cəmiyyətin sədri bildirmişdir ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, həmçinin regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdiriləcək, yaxın vaxtlarda bir neçə rayon mərkəzi  və kəndlərdə yeni layihələrin icrasına başlanılacaqdır.

        Qış mövsümünə hazırlıq işlərinin görüldüyünü deyən Səhmdar Cəmiyyətin sədri  bildirmişdir ki, yağıntıların intensiv olduğu vaxtlarda kanalizasiya sistemlərinin normal istismarını təmin etmək, tullantı sularının təmizləyici qurğulara yönləndirilməsi ilə bağlı əlavə tədbirlər həyata keçirilməlidir. Şaxtalı hava şəraitində sayğacların donmasının qarşısının alınması üçün zəruri işlər görülməli, bu barədə istehlakçılar arasında  maarifləndirmə işləri aparılmalıdır.

Q.Hüseynov yeni texnologiyalardan istifadənin prioritet olduğunu  xatırladaraq kadr hazırlığı istiqamətində təxirəsalınmaz tədbirlərin görülməli olduğunu vurğulamışdır.

 “Azərsu” ASC-nin sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması barədə tapşırıqlar vermişdir. Müştəri informasiya sistemlərinin yaradılması istiqamətində hazırlıq işləri davam etdirilir və Yasamal rayonunda proqramın tətbiqinə başlanılmışdır. Bu sahədə əldə olunan müsbət  nəticələr digər rayonlarda da tətbiq edilməlidir.

Qanunvericiliyə edilmiş dəyişikliklər barədə işçilərin biliklərinin artırılmasının mühüm vəzifə olduğunu xatırladan Səhmdar Cəmiyyətin sədri  normativ-hüquqi aktlardan irəli gələn məsələlər barədə əhalinin də maarifləndirilməsinin vacib olduğunu diqqətə çatdırmışdır. Qorxmaz Hüseynov “Azərsu” ASC-yə  daxil olan ərizə və şikayətlərin qeydiyyatı, araşdırılması, müraciətlərlə bağlı operativ tədbirlərin görülməsi və təhlillərin aparılması barədə tapşırıqlar vermişdir.

2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının keçirilməsi ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu”  ASC-nin də üzərinə mühüm vəzifələr düşür. Ölkəmizə xaricdən xeyli sayda qonağın gələcəyi nəzərə alınaraq turizm və iaşə obyektlərinin içməli su və kanalizasiya sistemlərinin monitorinqi aparılmalı, aşkarlanmış nöqsanlar operativ şəkildə həll edilməlidir.