logo

2014-cü ilin 9 ayında 358 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır


Yaradılıb: 24-10-2014 14:32

         

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasında,   eləcə də regionlarda   əhalinin içməli su təchizatının yaxşılaşdırılması  məqsədi ilə kompleks tədbirlər həyata keçirir.  Təsdiq olunmuş dövlət proqramlarının icrası çərçivəsində paytaxtda və bölgələrdə içməli su təchizatı sistemləri yenidən qurulur, mərkəzləşmiş qaydada su ilə təmin olunmayan yaşayış məntəqələrində infrastrukturlar yaradılır. Həyata keçirilən layihələr və təxirəsalınmaz tədbirlər istehlakçıların içməli su təchizatının vəziyyətinə müsbət təsir göstərir.

   2014-cü ilin  yanvar-sentyabr aylarında respublika üzrə ümumilikdə 358 min nəfərin içməli su təchizatı əsaslı şəkildə  yaxşılaşdırılmışdır ki, bunun da 148 min nəfəri regionların payına düşür. Su təchizatının yaxşılaşdırılması nəticəsində bəzi istehlakçılar üçün  suyun verilmə intervalı artırılmış, abunəçilərin bir hissəsi fasiləsiz rejimdə  su almaq imkanı əldə etmiş, əhalinin bir hissəsi isə ilk dəfə mərkəzləşdirilmiş qaydada  içməli su ilə təmin olunmuşdur.

   Mərkəzləşdirilmiş qaydada su ilə təchiz olunan 199 min nəfərə içməli suyun verilməsi  intervalı artırılmışdır ki, bunun da 40 min nəfəri regionlarda yaşayan əhalidir.  9 ayda 159 min nəfər fasiləsiz içməli su ilə təmin edilmişdir ki, onların da 108 min nəfəri regionlarda yaşayır.  Yaşayış məntəqələrində infrastrukturların yaradılması nəticəsində yanvar-sentyabr ayları ərzində 156 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmişdir. Ötən müddətdə regionlarda ilk dəfə içməli su ilə təmin olunan əhalinin sayı  99 min nəfər təşkil edir.

   2014-cü ilin 9 ayının yekunlarına görə hazırda ölkə üzrə istehlakçıların 62,5 faizi fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Bakı şəhəri üzrə bu göstərici 78,3 faiz təşkil edir. “Azərsu” ASC ölkə üzrə 1 milyon 309 min abunəçiyə su təchizatı və kanalizasiya xidmətləri göstərir.