logo

Prezident İlham Əliyev Goranboy şəhərinin içməli su və kanalizasiya layihəsi üzrə işlərin başa çatmasına həsr olunmuş mərasimdə iştirak etmişdir


Yaradılıb: 20-10-2014 10:14

                 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə iştirak etmişlər.

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin sifarişi ilə həyata keçirilmiş layihəyə əsasən, Goranboy şəhəri və rayonun 18 yaşayış məntəqəsinin, Naftalan şəhəri və kurort şəbəkəsi də daxil olmaqla Qaşaltı və Qasımbəyli kəndlərinin içməli su tələbatını ödəmək üçün saniyədə 114 litr içməli su veriləcək. Nəticədə Goranboy rayonunun və Naftalan şəhərinin 47430 nəfər sakini fasiləsiz içməli su ilə təmin ediləcək. Layihə gücü saniyədə 200 litr olan bu qurğu 2031-ci ilədək Goranboy əhalisinin 75 faizini, Naftalan əhalisinin isə 100 faizini içməli su ilə təmin edəcəkdir. Aparılmış laboratoriya analizləri suyun keyfiyyətinin yüksək olduğunu təsdiqləmişdir.

Layihə çərçivəsində birinci mərhələdə Ballıqaya su mənbəyinin və magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə baş suqəbuledici-ötürücü qurğular kompleksi inşa olunmuş, uzunluğu 36 km magistral su xətti çəkilmişdir. Bununla yanaşı, infiltrasiya-drenaj qurğuları sahəsi yaradılmış, perforasiya olunmuş 13 suyığıcı boru quraşdırılmış, magistral su xətti boyunca 11 təzyiqazaldan  hovuz tikilmişdir.  İkinci mərhələdə şəhərdə hər birinin həcmi 1000 kubmetr olan 3 anbar tikilmiş, inzibati binalar və istehsalat bazası yaradılmışdır. Eyni zamanda  içməli su və kanalizasiya xətləri çəkilmiş, abonentlər su sayğacları ilə təmin olunmuşdur. Üçüncü mərhələdə isə məhsuldarlığı sutkada 5 min kubmetr olan çirkab və sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması həyata keçirilmişdir. Qurğuların mükəmməl istismarını təmin etmək üçün avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb.

Sonra dövlət başçısı Goranboy şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə təbriklərini çatdırmış, müstəqillik dövründə Azərbaycan sürətli inkişafından bəhs etmişdir: “Ancaq taleyimiz öz əlimizdə olan zaman biz böyük nailiyyətlərə çata bilmişik və bu gün burada qeyd etdiyimiz hadisə bunun əyani sübutudur.

 Goranboy rayonunda, bizim bütün başqa şəhər və rayonlarımızda içməli su həmişə böyük problem olub. Ancaq müstəqillik dövründə biz bu problemi aradan qaldırırıq. İndi Goranboy şəhərinə və bir neçə kəndə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu, gözəl tarixi hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Su insanın həyatı, sağlamlığı üçün əsas amildir. Təmiz içməli su insanın sağlamlığı üçün həddindən artıq önəmlidir və əminəm ki, bizim bütün vətəndaşlarımız təmiz içməli su ilə təmin olunacaqlar. Hazırda ölkə üzrə bütün şəhərlərdə bu layihələr icra edilir. Artıq bir çox yerlərdə icra edilibdir. Keçən il Naftalanda içməli su layihəsinin açılışını qeyd etmişdik və bu işlər ardıcıllıqla aparılır. Qarşıya vəzifə qoyulubdur ki, növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələri 100 faiz icra edilsin. Beləliklə, biz bu böyük sosial proqramı icra etmiş olacağıq.

 Bu, doğrudan da sosial layihədir. Çünki bu layihələrin icrasına dövlət büdcəsindən böyük vəsait ayrılır və bu vəsait sırf sosial xarakter daşıyır. Burada kommersiya tərəfindən söhbət açmaq yersizdir. Çünki su tariflərindən yığılan vəsait heç vaxt buraya qoyulan investisiyaların kompensasiyasını təmin etməyəcək. Ona görə Azərbaycan dövləti öz sosial siyasətinə sadiq olaraq bu layihələri icra edir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Çünki həm Bakıda, həm bizim bütün şəhər və rayonlarımızda içməli su daim böyük problem idi. Bakıda da bu problem həll olunur. Ancaq deyə bilərəm ki, Goranboy şəhərində bu, indi 100 faiz həll olunur. Bakıda hələ ki, əhalinin 78 faizi 24 saat ərzində içməli su alır. Bu səviyyə əvvəlki illərdə təqribən 40-50 faiz idi. Son illər ərzində Oğuz-Qəbələ-Bakı layihəsinin, digər layihələrin icrası, şəbəkənin yeniləşdirilməsi nəticəsində biz Bakını da içməli su ilə təmin edirik. Ancaq hələ ki, Bakıda görüləsi işlər çoxdur. Goranboyda isə artıq bu işlər başa çatıb”.

  Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin, o cümlədən Goranboy rayonunun inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını çatdırmışlar.