logo

Mərkəzi Laboratoriyanın beynəlxalq akkreditasiyası istiqamətində işlər davam etdirilir


Yaradılıb: 14-10-2014 14:25

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  Mərkəzi Laboratoriyasının beynəlxalq akkreditasiyası istiqamətində işlər davam etdirilir. Mərkəzi  Laboratoriyanın İSO-17025 akkreditasiyasından keçirilməsi məqsədilə xarici qabaqcıl təcrübələri, akkreditasiya qurumlarının prinsip və tələbləri ətraflı öyrənilir. Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq Mərkəzi Laboratoriyada yaradılmış şərait və texniki imkanlar xarici ölkələrdə maraqla qarşılanır. Mərkəzi Laboratoriyanın İSO-17025 akkreditasiyasından Latviya Dövlət Akkreditasiya qurumu  (LATAK) tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.

  Akkreditasiya məsələlərini müzakirə etmək, eləcə də LATAK-ın  yaranmasının 20 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə iştirak etmək üçün Mərkəzi Laboratoriyanın mütəxəssislərdən ibarət nümayəndə heyəti Latviyaya ezam olunmuşdur.  Yubiley tədbirlərində iştirak edən nümayəndə heyəti LATAK-ın rəhbərliyi ilə görüş keçirmişdir.  Görüşdə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında görülən işlər və akkreditasiyaya hazırlıqla bağlı həyata keçirilən tədbirlər barədə  latviyalı mütəxəssislərə ətraflı məlumat verilmişdir. LATAK-ın mütəxəssisləri Mərkəzi Laboratoriyanın fəaliyyətini yaxından izlədiklərini bildirmiş və görülmüş işlərdən məmnun olduqlarını vurğulamışlar. Görüşdə bildirilmişdir ki,  cari ilin sonunadək Mərkəzi Laboratoriyanın İSO-17025 akkreditasiyasından keçirilməsi planlaşdırılır.

 “Azərsu” ASC-nin yeni Mərkəzi Laboratoriyası İSO-17025 akkreditasiya olunduqdan sonra burada aparılan analizlərin nəticələrinin Dünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı və digər beynəlxalq qurumların tələblərinə uyğunluğu tam təsdiqlənəcəkdir.

  Səfər çərçivəsində nümayəndə heyəti Latviya Ətraf Mühit və Qida Təhlükəsizliyi İnstitutunda (BİOR) da olmuşlar. BİOR rəhbərliyi ilə keçirilən görüşdə  gələcək əməkdaşlıq məsələləri müzakirə  edilmişdir. “Azərsu” ASC-nin əməkdaşları Latviyanın Dauqava sutəmizləyici qurğusuna və laboratoriyasına  baxış keçirmiş, burada aparılan analizlərlə maraqlanmışlar.

 Nümayəndə heyəti İsveç Krallığında da səfərdə olmuşdur. Səfər müddətində Mərkəzi Labotoriyanın üzv olduğu İsveçin  Livsmedelsverket şirkətinin rəhbərliyi ilə  görüşlər keçirilmiş, gələcəkdə birgə layihələrin icrası ətrafında fikir mübadiləsi aparılmışdır.