logo

“Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin ikinci mərhələsi üzrə işlərə başlanılacaqdır


Yaradılıb: 07-07-2014 16:59

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA)  birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsi üzrə işlərin böyük hissəsi başa çatmışdır. İstehlakçıların daimi içməli  su ilə təmin etmək məqsədilə Qars su mənbəyində sutkalıq məhsuldarlığı 430 kubmetr, Yeddibulaqda 40 kubmetr olan sugötürücü qurğunun və polad borularla ümumi uzunluğu 17,3 km olan magistral su kəmərlərinin tikintisi yekunlaşmışdır.  Dahardibi su mənbəyi üzrə işlərin başlanmasına hazırlıq görülür.

   “Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin ikinci mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2014-cü ilin noyabr ayında başlanılacaqdır. İkinci mərhələdə Şəfa su mənbəyində sutkalıq məhsuldarlığı  240 kubmetr olan sugötürücü qurğu tikiləcək, Xızı şəhərində hər birinin həcmi 1000 kubmetr olan 2 ədəd, Altıağac qəsəbəsində isə hər birinin həcmi 400 kubmetr olan 4 ədəd su anbarı inşa ediləcəkdir. Layihə çərçivəsində istehlakçıların  mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətlərindən yararlanması üçün 42,1 km paylayıcı su, 30,4 km kanalizasiya xətti çəkiləcək, hər bir ünvana birləşmə verilərək bütün abunəçilər smart-kart sayğaclarla təmin olunacaqdır. Bundan başqa layihə çərçivəsində inzibati bina, laboratoriya və digər istehsalat binalarının tikintisi, o cümlədən maşın–mexanizmlərin alınması planlaşdırılır.

    Hazırda layihənin icrası ilə əlaqədar podratçı şirkətin seçilməsi üzrə tender prosedurasına hazırlıq görülür. Yaxın vaxtlarda iddiaçı şirkətlərə tenderdə iştirakla bağlı dəvət məktubu və tenderin şərtlər toplusu göndəriləcəkdir. Təkliflər qiymətləndirildikdən sonra Yekun Protokol və qalib şirkətlə podrat müqaviləsi imzalanacaqdır.

   Layihənin üçüncü mərhələsində yaranacaq tullantı sularının təmizlənməsi məqsədi ilə Xızı şəhərində sutkalıq məhsuldarlığı 1500 kubmetr, Altıağac qəsəbəsində isə 350 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcəkdir.

   Qeyd edək ki,   “Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Xızı şəhərində 3294, Altıağac qəsəbəsində 1423, eləcə də Baxışlı, Tıxlı, Xələç kəndlərində 1562 nəfər olmaqla umumilikdə 6279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.