logo

Qobustan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına hazırlıq görülür


Yaradılıb: 30-06-2014 16:12

   Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işlərinə 2014-cü ilin sentyabr ayında başlanılacaqdır. Qobustan şəhərində həyata keçiriləcək yenidənqurma işləri Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA)  birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində icra ediləcəkdir.

 Hazırda layihənin icrası ilə əlaqədar podratçı şirkətin seçilməsi üzrə tender prosedurasına hazırlıq görülür. İyun  ayının 17-də iddiaçı şirkətlərə tenderdə iştirak üçün dəvət məktubları və tenderin əsas şərtlər toplusu göndərilmişdir. Tenderdə iştirak etmək istəyən iddiaçılar cari ilin avqust ayının 1-dək texniki və maliyyə təkliflərini ayrı-ayrı zərflərdə təqdim etməlidirlər.

  Tender birmərhələli ikizərfli satınalma prosedurasına  əsasən keçiriləcəkdir. Qaydalara əsasən, əvvəlcə yalnız texniki təkliflər üzrə zərflər açılacaqdır. Texniki təkliflər qiymətləndirildikdən və Tender komissiyası tərəfindən təsdiq edildikdən sonra YBƏA-yə göndəriləcək. YBƏA-dən müvafiq razılıq alındıqdan sonra bu barədə iddiaçı şirkətlərə bildiriş veriləcək və həmin təşkilatlar  maliyyə təkliflərinin açılış tarixi barədə məlumatlandırılacaqdır. Texniki qiymətləndirmədən keçməyən iddiaçıların maliyyə təklifləri isə açılmadan geri qaytarılacaqdır.

Maliyyə təklifləri açıldıqdan sonra yekun qiymətləndirmə aparılacaq və müvafiq hesabat YBƏA-yə göndəriləcək. Agentliyin müsbət rəyi alındıqdan sonra Tender Komissiyası tərəfindən Yekun Protokol imzalanacaqdır.

Qeyd edək ki, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərinin  su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaqdır. Artıq Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində tikinti-quraşdırma işlərinə başlanılmışdır.