logo

Tələbələr üçün "Yay məktəbi" təşkil olunacaq


Yaradılıb: 24-06-2014 14:36

             

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr hazırlığı və gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqların, iş təcrübəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir. “Azərsu” ASC-nin ali təhsil müəssisələri ilə  əməkdaşlığı çərçivəsində yay aylarında istehsalat təcrübəsi və “Yay məktəbi” proqramı təşkil olunur.

 Cari ilin iyul ayından başlayacaq “Yay məktəbi” və istehsalat təcrübəsində Bakı Dövlət Universiteti , Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Azərbaycan Texniki Universitetinin 141 tələbəsinin iştirakı  nəzərdə tutulmuşdur. 

“Azərsu” ASC ilə Bakı Dövlət Universiteti  arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma uyğun olaraq universitetin “ekologiya” və “hidrogeologiya mühəndisliyi” ixtisasları üzrə 20 tələbəsi istehsalat təcrübəsinə cəlb ediləcək, eyni zamanda “Yay məktəbi” proqramında iştirak etmək imkanı qazanacaqlar.

 “Azərsu” ASC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında “Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair”  Memoranduma əsasən,   universitetin 63 tələbəsi istehsalat və texnoloji təcrübəyə cəlb olunacaqdır. İstehsalat təcrübəsinin davamı olaraq həmin tələbələrdən  19 nəfəri  “Yay məktəbi” proqramında iştirak edəcək. 

Azərbaycan Texniki Universitetinin 58 tələbəsi də tədris və istehsalat təcrübəsi keçmək imkanı qazanacaqlar.

İstehsalat təcrübəsi və “Yay məktəbi “Azərsu” ASC Aparatı üzrə müvafiq şöbələrdə, yerli sukanal idarələrində və müəssisələrdə  keçiriləcək. “Azərsu” ASC-nin idarə və müəssisələri, hidrotexniki qurğuları ilə tanışlıq tələbələrə bilik və təcrübələrini artırmağa şərait yaradacaq, qazanılan təcrübə gələcək əmək fəaliyyətində böyük rol oynayacaqdır.