logo

Polşanın Lodz şəhərində mühəndis Stefan Skjıvanın barelyefinin açılışı olmuşdur


Yaradılıb: 21-06-2014 12:40

   

    18 iyun 2014-cü il tarixində Polşanın Lodz şəhərində XX əsrin əvvəllərində I Bakı su kəmərinin (Şollar) tikintisinin baş mühəndisi olmuş,  polyak əsilli Stefan Skjıvanın xatirəsinə həsr olunmuş barelyefin açılış mərasimi keçirilmişdir.  “Azərsu” ASC-nin sifarişi əsasında xalq rəssamı Salhab Məmmədov və əməkdar rəssam Əli İbadullayev tərəfindən hazırlanmış barelyef Lodz Universitetnin binası üzərində quraşdırılmışdır.

          Açılış mərasimində Lodz şəhərinin meri Hanna Zdanovska, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov, Lodz Universitetinin rektoru Vlodzimierj Nıkel, Polşa Senatının üzvü senatoru Rışard Bonislavski və Lodz şəhər ictimaiyyətinin  nümayəndələri iştirak etmişlər.

 

Lodz şəhərinin meri Hanna Zdanovska S.Skjıvanın xatirəsinə ehtiram göstərdiyinə görə "Azərsu" ASC-nin rəhbərliyinərə təşəkkürünü bildirmişdir.

 “Azərsu” ASC sədrinin birinci müavini  Teyyub Cabbarov çıxış edərək Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması sahəsində görülmüş işlər barədə məlumat vermişdir. T.Cabbarov Stefan Skjıvanın mühəndis kimi Azərbaycandakı fəaliyyətindən danışaraq onun xatirəsinin ölkəmizdə böyük ehtiramla anıldığını diqqətə çatdırmışdır.

 Səfir Həsən Həsənov Stefan Skjıvanın barelyefinin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Lodz şəhərinin merinə və “Azərsu” ASC-nin rəhbərliyinə təşəkkür etmiş və bildirmişdir ki, bu hadisə Azərbaycan və Polşa xalqlarının dostluğunun növbəti təcəssümüdür.

Professor Vlodzimierj Nıkel Lodz universitetinin binasının tanınmış mühəndis Stefan Skjıvan tərəfindən inşa edildiyini və binanın barelyef üçün ən münasib yer olduğunu vurğulamışdır.

 Polşa Senatının üzvü Rışard Bonislavski mühəndis Stefan Skjıvanın Bakı və Lodz şəhərlərinin inkişafına verdiyi töhfələrdən danışmışdır. R.Bonislavski Azərbaycan və Polşa xalqları arasında dostluq əlaqələrinin güclənməsinə töhfə vermiş insanların xatirələrdə yaşaması üçün belə tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulamışdır.