logo

"Azərsu" ASC "Asan xidmət" mərkəzlərində təmsil olunur


Yaradılıb: 18-06-2014 15:37

     

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılması  və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə islahatları davam etdirir.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən,  “Asan xidmət” mərkəzlərində  “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılmışdır. “Asan xidmət” mərkəzlərində abunəçilər aşağıda təklif olunan  xidmətlərdən istifadə edə bilərlər:

-      Abonentlərin  bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;

-      Borc haqqında məlumatın (arayış) verilməsi;

-      Smart tipli sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi.

-  Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart kartlara yüklənməməsi və s. hallarda)

-      Yeni smart kartların verilməsi;

-      İtirilmiş və ya zədələnmiş  smart kartların bərpası;

-   Qeydiyyatda olan və “Azərsu”  ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart karta yüklənməsi;

-    Smart tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi;

-        Smart tipli sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.

İtirilmiş smart-kartın bərpası üçün 5 manat rüsum istisna olmaqla digər xidmətlər ödənişsizdir. İlkin mərhələdə bu xidmətlər Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4  saylı  “Asan xidmət” mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.  

   Yaxın vaxtlarda “Azərsu” ASC  bütün “Asan xidmət” mərkəzlərində öz xidmətləri ilə təmsil olunacaqdır.