logo

Tovuz rayonunun cəbhə xəttində yerləşən Əlibəyli kəndinə içməli suyun verilməsi mərasimi keçirilmişdir


Yaradılıb: 13-06-2014 14:57

            

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən ucqar kənd və qəsəbələrdə  su təchizatının  yaxşılaşdırılması məqsədi ilə layihələrin icrasını davam etdirir. Bu sahədə həyata keçirilən tədbirlər sırasında sərhədyanı və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su probleminin həll edilməsi mühüm əhəmiyyət kəsb edir. “Azərsu” ASC-nin yaranmasının 10 illik yubileyi ərəfəsində cəbhə xəttindən bir neçə yüz metr məsafədə yerləşən Tovuz rayonunun Əlibəyli  kəndinin içməli su probleminin həlli məqsədilə həyata keçirilən layihənin icrası uğurla başa  çatdırılmışdır. İyun ayının 12-də Əlibəyli kəndinə içməli suyun verilməsi  ilə bağlı açılış mərasimi keçirilmişdir.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, regionlarının sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə sərhədyanı ucqar kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq daha bir kənddə - Tovuz rayonunun  Ermənistanla sərhəd Əlibəyli kəndində su təchizatı infrastrukturu yaradılmışdır. Cəbhə xəttində yerləşən bu kəndin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərirdi.  Bunları nəzərə alaraq təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq Əlibəylidə işlərə başladıq. Daim Ermənistan ordusunun atəşi altında olan kənddə tikinti quraşdırma işlərində çalışanların təhlükəsizliyini təmin etmək üçün Beynəlxalq humanitar təşkilatların nümayəndələri əraziyə dəvət edilmiş və onların köməkliyi nəticəsində işlər 2 ay ərzində problemsiz başa çatdırılmışdır”.

 Tovuz rayonundan millət vəkili seçilmiş Qənirə Paşayeva layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edərək, “Azərsu” ASC tərəfindən layihənin icrasının qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirmişdir: “Cəbhə xəttində yerləşən Əlibəyli kəndinin sakinləri uzun  illərdir içməli sudan əziyyət çəkirdi. Bu problemin həlli ilə bağlı “Azərsu” ASC-nin rəhbərliyinə ünvanladığımız müraciətə dərhal reaksiya verildi və qısa müddətdə kənd əhalisinin içməli su problemi həllini tapmışdır”.

 Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər rayonda həyata keçirilən sosial və  infrastruktur layihələri barədə məlumat vermiş, içməli su və kanalizasiya layihələrinin əhəmiyyətindən danışmışdır: “Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri bütün ölkə ərazisində, o cümlədən Tovuz şəhərində həyata keçirilir. Ötən il cənab Prezident İlham Əliyevin iştirakı ilə Tovuz şəhərinə içməli suyun verilməsi mərasimi keçirildi. Bu gün isə strateji nöqtədə yerləşən Əlibəyli kəndinin içməli su problemi həll edilir. Sakinlər adından dövlət başçısına və “Azərsu” ASC-nin kollektivinə təşəkkürümü bildirirəm”.

 

        

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə, millət vəkili Qənirə Paşayevaya minnətdarlıqlarını bildirmişlər.

“Tovuz rayonunun Əlibəyli, Hacıalılı və Mülkülü kəndlərinin  içməli  su təchizatı sisteminin yaradılması” layihəsi bu kəndlərdə yaşayan 5460 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır. İlkin mərhələdə işlərə Əlibəyli kəndində başlanılmışdır. 

Əlibəyli kəndini içməli su ilə təmin etmək məqsədi ilə 1 ədəd subartezian quyusu qazılmış, quyu zonasında nasos stansiyası, transformator məntəqəsi tikilmişdir. Layihəyə uyğun olaraq hər birinin  tutumu 100 kubmetr olan  2 ədəd su anbarı inşa edilmiş,  100  mm diametrli polad borularla 1,7 km uzunluğunda anbarlararası su xətti çəkilmişdir.

Kənd ərazisinə içməli su relyef baxımından daha yüksək ərazidə yerləşən anbardan özüaxımlı rejimdə verilir. Bu məqsədlə su anbarından 2 km uzunluğunda magistral su xətti çəkilmişdir. Əlibəyli kəndinin məhəllələrində 20 ədəd bulaq quraşdırılmış və  bununla da 1000-dək sakinin  içməli sudan istifadəsi yaxşılaşmışdır.

Layihəyə uyğun olaraq növbəti mərhələdə  Hacıalılı və Mülkülü kəndlərində də su təchizatı sistemləri yaradılacaqdır. Bu məqsədlə yeni subartezian quyularının qazılması, su anbarlarının və nasos stansiyalarının  tikilməsi nəzərdə tutulur. Gələcəkdə Əlibəyli, Hacıalılı və Mülkülü kəndlərinin hər birində supaylayıcı şəbəkə yaradılacaq, 1220 evin hər birinə birləşmə veriləcəkdir.