logo

Su mövzusunda keçirilən rəsm müsabiqəsinə yekun vurulmuşdur


Yaradılıb: 12-06-2014 16:22

      

 İkinci “Xəzər Beynəlxalq Su Texnologiyaları” (“CATEC-2014”) sərgisi çərçivəsində təşkil olunmuş su mövzusunda uşaq və  gənclərin rəsm müsabiqəsinə yekun vurulmuşdur.

 Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda uşaq və gənc rəssamların istedadının  nümayiş etdirilməsi, onların yaradıcılıq imkanlarının genişləndirilməsi, su mövzusunda maarifləndirmə işinin gücləndirilməsi olmuşdur. Rəsm müsabiqəsi “Azərsu” ASC-nin təşəbbüsü ilə  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Rəssamlar İttifaqının, Təhsil Nazirliyinin müvafiq qurumları ilə birgə təşkil edilmişdir.  

 11 iyun 2014-cü il tarixdə  “Azərsu” ASC-nin yaranmasının 10-cü ildönümü günü müsabiqədə fərqlənən iştirakçılarla görüş keçirilmişdir. “Azərsu” ASC-nin sədri  Qorxmaz Hüseynov gənclərin su mövzusuna  marağını yüksək qiymətləndirmiş,  təqdim olunan əl işlərinin maarifləndirici əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Səhmdar Cəmiyyətin sədri müsabiqə iştirakçılarına yaradıcılıq uğurları arzulamışdır.     

  Müsabiqənin münsiflər heyətinin  yekun qərarı açıqlanmışdır. Qeyd olunmuşdur ki, təqdim olunan əl işlərinin  mövzuya uyğunluğu, yaradıcılıq ideyasının orijinallığı  kimi amillər əsas götürülərək 20 rəsm mükafata layiq görülmüşdür.

  Daha sonra müsabiqədə fərqlənənlərin mükafatlandırılması mərasimi keçirilmişdir.

  Tədbirdə Polşa Respublikasında 5-19 yaşlı uşaq və gənclərin “Su-həyat və element” mövzusunda 17-ci beynəlxalq rəsm müsabiqəsinin qalibləri də iştirak etmişdir. Qeyd edək ki, Nizami rayonu Uşaq-Gənclər  Yaradıcılıq Mərkəzinin 4 üzvü- Şövqi Məmmədzadə, Rəşid Rəfiyev, Tural Ağakişiyev, Lalə Cavadlı və dərnək rəhbəri Nərmin Abdullayeva həmin müsabiqədə xüsusi mükafatlara layiq görülmüşdür. Müsabiqədə birinci yeri tutan Şövqi Məmmədzadə xüsusi medal və diplomla təltif olunmuşdur.