logo

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 ili tamam olur


Yaradılıb: 11-06-2014 13:41

         

11 iyun 2014-cü il tarixdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  yaranmasının 10 ili tamam olur.  “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə “Azərsu” ASC yaranmışdır. Sərəncama əsasən, Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyi ləğv edilmiş, onların funksiyaları, tabeliklərində olan müəssisə və təşkilatlar “Azərsu” ASC-yə verilmişdir.  Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləti sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırılmışdır.

Ötən 10 ildə reallaşdırılmış ən böyük layihə Bakı şəhəri və Abşeron yarımadasının su təchizatında müstəsna əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəməridir. Bu kəmərin çəkilməsi ideyası ilə ilk dəfə ulu öndər Heydər Əliyev çıxış edib və onun rəhbərliyi ilə 2002-ci ilin dekabrında bu məsələ hökumət səviyyəsində müzakirə edilib və yeni su kəmərinin tikintisi üzrə araşdırmalara başlanılıb.

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin aktiv tikinti fazası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2007-ci ilin martında təməli qoyulan kəmərin inşası Dövlət Neft Fondundan maliyyələşdirildi. Prezident İlham Əliyev bir neçə dəfə tikinti sahələrinə səfər edərək inşaat işlərini şəxsən nəzarətdə saxladı. Layihədə nəzərdə tutulan işlər 2010-cu ilin dekabrında yekunlaşdı və  yeni il ərəfəsində kəmərlə nəql olunan su Bakı sakinlərinə çatdırıldı.

Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə etməklə bu gün Bakı şəhərində xidmət göstərilən əhalinin 78 faizi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.

 

       

 

Regionların, həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı geniş miqyaslı tədbirlər öz əksini tapıb və artıq onların böyük bir hissəsi reallaşdırılıb.

  

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə 2035-ci hədəf ilinə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanmışdır. 18 bölmədən ibarət sənəd işlənərkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı nəzərə alınmaqla su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, sektorun institusional və normativ bazasının təkmilləşdirilməsi, təmizlənmiş tullantı suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb. Sənədə əsasən, Abşeron yarımadasında 550 km uzunluğunda magistral,  8100 km paylayıcı su xətləri, həcmi 1 milyon 150 min kubmetr olan su anbarları, 150 km tunel tipli kanalizasiya kollektorları, 680 km kanalizasiya kollektorları,  6400 km kanalizasiya şəbəkəsi, 3400 km yağış suları şəbəkəsi, 900 km yağış kollektorları və məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu  layihələndirilib.

                                                

  Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan və 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. Bu layihənin tərkib hissəsi olan  Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral kəmərinin istismara verilməsi ilə kəmərin keçdiyi ərazilərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır.

   Ölkə rəhbərliyinin əhalinin fasiləsiz su təminatı ilə bağlı tapşırığına uyğun olaraq 900-dən artıq binanın daxili su təchizatı sistemləri yenidən qurulmuş, hər bir mənzil smart-kart tipli sayğacla təmin edilmişdir.

   Ötən müddətdə görülmüş işlər nəticəsində Abşeron yarımadasında 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib və fasiləsiz  su  alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılıb.

  Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Sumqayıt, Buzovna və Şüvəlan çirkab sutəmizləyici qurğularının, Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi, mövcud kanalizasiya kollektorlarının rekonstruksiyası nəticəsində Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının həcmi əhəmiyyətli dərəcədə azalmışdır.

   Hazırda innovativ texnologiyalardan istifadə edilməklə Xocasən-Binəqədi-Xırdalan, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ, Bayıl-Bibiheybət-Lökbatan və Bilgəh-Pirşağı  tunel tipli kanalizasiya kollektorlarının tikintisi davam etdirilir.

   Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-nin sifarişi əsasında 24 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Bu layihələr 350-dən artıq kəndin su probleminin həllini də nəzərdə tutur.

   Quba şəhərində işlər 2 ilə yekunlaşmış və hazırda ətraf qəsəbələr də daxil olmaqla şəhər 24 saat fasiləsiz su alır. Ötən müddətdə 10 şəhərə yeni mənbələrdən içməli suyun verilməsi də təmin edilmişdir. Ümumilikdə görülmüş işlər nəticəsində  rayon mərkəzlərində yaşayan 300 mindən artıq insanın su təminatı yaxşılaşıb.

 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 107 km uzunluğunda Şirvan-Muğan qrup su kəmərinin birinci mərhələsi üzrə tikinti işləri 2013-cü ildə başa çatdırılmış, bu mənbədən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilmişdir.

  Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyindən Zərdab, Kürdəmir, Ucar və  Ağsu şəhərlərinə magistral kəmər çəkilmiş, hər 4 şəhərə yeni mənbədən suyun verilməsi təmin edilmişdir.

  Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin etmək üçün Xanbulançay anbarının sahilində sutəmizləyici qurğu inşa olunmuş, buradan Lənkəran şəhərinə suyun verilməsi təmin edilmişdir.

   Şəhər və rayon mərkəzləri ilə yanaşı su qıtlığı müşahidə olunan kəndlərin problemlərinin həlli istiqamətində də mühüm işlər görülmüşdür.   Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq kəndlərdə 690 kilometr su xətti quraşdırılıb, 36 su anbarı tikilmiş, 135 subartezian quyusu qazılmışdır.  Bütün bunlar 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatını yaxşılaşdırmağa imkan vermişdir.

   2004-2014-cü illərdə “Azərsu” ASC tərəfindən regionlarda 3430 km içməli su1225 km kanalizasiya xətti, 96 su anbarı, 39 su və kanalizasiya nasos stansiyası  tikilmişdir.  Nəticə etibarı ilə regionlarda fasiləsiz su alanların xüsusi çəkisi 2 dəfədən çox artaraq 55 faizə çatdırılmışdır.

  Su təchizatı sahəsində aparılan böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılması  məqsədi ilə 2013-cü ilin sentyabrında yeni Mərkəzi Laboratoriya istifadəyə verilmişdir. Açılışında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirak etdiyi laboratoriyada içməli suyun 84, tullantı sularının 54 olmaqla 138 parametri təyin etmək mümkündür.

   Ötən dövrdə “Azərsu” ASC-nin informasiya-kommunikasiya texnologiyaları infrastrukturu müasir tələblərə uyğun qurulub, iş proseslərinin  avtomatlaşdırılması məqsədilə tətbiq edilən sistemlərin, elektron xidmətlərin, İT infrastrukturunun dayanıqlı və fasiləsiz fəaliyyəti təmin edilmişdir. İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulması zamanı SCADA sisteminin tətbiqinə başlanılmışdır. Ötən dövrdə Coğrafi İnformasiya Sisteminin (“AzərsuCİS”) yaradılması istiqamətində də fundamental işlər görülmüşdür.  “Azərsu” ASC-yə aid bütün yeraltı və yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə indiyə qədər  4800 km su, 2200 km kanalizasiya xətti,  890 su anbarı, 266 nasos stansiyası, unikal kod verilmiş 230 min bina və tikili haqqında məlumatlar daxil edilmişdir.   “AzərsuCİS” layihəsi Bentli Beynəlxalq Layihə Müsabiqəsinin, Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunda  “Su resurslarının idarə edilməsi” nominasiyasının qalibi olub, SEGUS-2013 İntellektual infrastruktur və Coğrafi İnformasiya Sistemləri konfransının mükafatını qazanmışdır.

  Mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən aparılması istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutu Cəmiyyətin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirərək, "Azərsu" ASC-ni ilin şirkəti  elan edib.

   Yeni infrastruktur yaradılarkən müasir texnologiyalar və sistemlərdən istifadə zərurəti nəzərə alınaraq 2012-2013-cü illərdə cəmiyyətin 1600-dən artıq əməkdaşı yerli və xarici təlimlərə cəlb olunmuş, 250-dən çox əməkdaş xarici ölkələrdə təşkil olunmuş təlim və treninqlərdə iştirak etmişdir. Kadr potensialının gücləndirilməsi məqsədi ilə  “Azərsu” ASC ilə Təhsil Nazirliyi,  Bakı Dövlət Universiteti,  Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.

  “Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında bağlanmış müqavilə cəmiyyətin təlim sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcək. Müqaviləyə əsasən Hövsan Aerasiya Stansiyasının ərazisində Təlim-Tədris Mərkəzi inşa ediləcək, qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 nəfər kadr hazırlığı prosesinə cəlb olunacaq,  250 peşəkar təlimçi hazırlanacaq. 
   Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” ASC Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ətraf mühitin qorunması  və ekoloji sabitliyin təmin olunması  tədbirlərində də fəal iştirak edir. Cəmiyyətə məxsus müəssisə və təşkilatların, anbar və digər qurğuların ərazisində yaşıllaşdırma tədbirləri həyata keçirilir. Təkcə son 3 ildə bu tədbirlər çərçivəsində 220 mindən artıq müxtəlif növ ağac, kol və bəzək bitkiləri əkilib. 

  Beynəlxalq əlaqələri genişləndirən “Azərsu” ASC ölkə daxilində və xaricdə keçirilən sərgi- konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilmişdir.  Cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 2013-c4ü ildə Bakıda ilk dəfə ixtisaslaşmış Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı keçirilmişdir.

  Su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirən Prezident İlham Əliyevin  14 may 2014-cü ildə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilmişdir. “Azərsu” ASC-nin 12 mindən artıq işçisi bu il ilk dəfə peşə bayramlarını qeyd etmişdir.