logo

Asiya İnkişaf Bankının vitse-prezidenti "Azərsu" ASC-də olmuşdur


Yaradılıb: 10-06-2014 13:53

           

 Azərbaycanın Asiya İnkişaf Bankına (AİB) üzv olmasının 15-ci ili tamam olur.  15 illik fəaliyyəti dövründə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanda  su təchizatı, nəqliyyat, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr maliyyələşdirilmişdir. Bu layihələr arasında içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri mühüm əhəmiyyət kəsb edir.

AİB-in Azərbaycanda fəaliyyətinin 15 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan bankın vitse-prezidenti Vençay Janq ilə “Azərsu” ASC-də görüş keçirilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov AİB ilə Azərbaycan arasında 15 illik tarixi olan əməkdaşlığın bir çox əhəmiyyətli sahələri əhatə etdiyini xatırladaraq qeyd etmişdir ki, iqtisadiyyatın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərə AİB da dəyərli töhfələr vermişdir. Səhmdar Cəmiyyətin sədri  AİB-in su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində iştirakını yüksək qiymətləndirmiş, “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsi çərçivəsində işlərin keyfiyyətli icrasının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır.  

 

AİB-in vitse-prezidenti Vençay Janq  bankın Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsində maraqlı olduğunu bildirmiş və bu sahədə əməkdaşlığı yüksək qiymətləndirmişdir. Bank rəhbərliyinin Azərbaycanda həyata keçirilən  ““Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsinin icrasından razı qaldığını bildirən V.Janq bu layihənin  tezliklə istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.

 

Görüşdə layihənin icra vəziyyəti və maliyyələşmə məsələləri ətrafında  müzakirələr aparılmışdır.

 Azərbaycan hökumətinin  Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində içməli  su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilir. Ağcabədi və Balakən şəhərlərində isə layihənin icrasına hazırlıq işləri davam etdirilir.