logo

"Azərsu" ASC “Uğur” Milli Mükafatına layiq görülmüşdür


Yaradılıb: 06-06-2014 14:06

            

İyunun 4-də Bakıda “Jumeirah Bilgah Beach” otelində “Uğur” Milli mükafatının 2013-cü il üzrə nəticələri təntənəli şəkildə elan olunmuşdur. Mükafata ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən və öz fəaliyyətində nailiyyətlər qazanmış şirkətlər və dövlət strukturları layiq görülmüşdür.

“Uğur” mükafatının builki laureatları arasında ölkə iqtisadiyyatında keyfiyyətli məhsulları və xidmətləri, qabaqcıl texnologiya və innovasiyaları ilə seçilən, etibarlı işəgötürən statusu qazanan və sosial məsuliyyətli biznes nümayəndələri təmsil olunmuşdur. Mükafatın qalibləri “Consulting&Business” jurnalının tərkibində fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən 17 nominasiya üzrə seçilmişdir. Qaliblər müəyyənləşdirilərkən onların ölkənin iqtisadi və sosial həyatında oynadığı rol əsas götürülmüşdür.

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı sahəsində dövlət strategiyasının həyata keçirilməsinə  verdiyi töhfəyə görə “Uğur” Milli mükafatına layiq görülmüşdür. Mükafat Səhmdar Cəmiyyətin sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədova təqdim edilmişdir.

Qeyd edək ki, “Uğur” Milli Mükafatı 2000-ci ildə “Consulting&Business” jurnalı tərəfindən təsis olunub.  Azərbaycanda sahibkarlığın və işgüzar mühitin inkişafına, şirkət və qurumların nüfuzunun yüksəlməsinə, korporativ sektorda rəqabətin artmasına xidmət edən bir təsisat kimi tanınan “Uğur” Milli Mükafatı hər il təqdim olunur.