logo

"Azərsu" ASC-nin sədri su təsərrüfatı işçilərini təbrik etmişdir


Yaradılıb: 05-06-2014 15:47

5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü”

peşə bayramı  münasibətilə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun

 

  T Ə B R İ K İ

 

            Əziz həmkarlar!

        Sizi 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyi münasibəti ilə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilmiş və bundan sonra Sizlərlə birgə hər il iyun ayının 5-ni bayram kimi qeyd edəcəyik. Belə bir əlamətdar günün təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi  qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

2014-cü il iyun ayının 11-də isə “Azərsu” ASC-nin yaranmasının 10 ili tamam olur. Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 11 iyun 2004-cü il tarixli Prezident sərəncamına əsasən, buna qədər müstəqil qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyinin əsasında “Azərsu” ASC yaradılmışdır. Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləri sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırılmış və su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoymuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri və regionlarda genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.

Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir. Bu siyasətin reallaşmasında “Azərsu” ASC-nin işçilərinin də xidmətləri vardır. Əminəm ki, çoxminli su təsərrüfatı işçiləri əhalinin içməli su və kanalizasiya xidmətlətindən istifadəsinin yaxşılaşdırılması ilə bağlı cənab Prezidentin tapşırıqlarının vaxtında yerinə yetirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklər.

 Əziz həmkarlar!

    Sizi, 5 iyun  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı və “Azərsu” ASC-nin yaradılmasının 10 illiyi münasibəti ilə bir daha təbrik edir, hər birinizə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin  icrasında yeni-yeni uğurlar arzulayıram.

 

 

Hörmətlə,

             “Azərsu” ASC-nin sədri                                            Qorxmaz Hüseynov