logo

5 iyun su təsərrüfatı işçilərinin peşə bayramı günüdür


Yaradılıb: 05-06-2014 15:30

           

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin  14 may 2014-cü il tarixli Sərəncamı  ilə iyun ayının 5-i  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir. Bu münasibətlə su təsərrüfatı və meliorasiya işçiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əkil qoymuşlar.
    Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.
   Sonra Şəhidlər xiyabanına gələn su təsərrüfatı işçiləri Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı  və “Azərsu” ASC-nin yaranmasının 10 illik yubileyi ilə əlaqədar Səhmdar Cəmiyyətdə geniş tədbir keçirilmişdir. Əvvəlcə su təsərrüfatı tarixi və “Azərsu” ASC-nin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirmişdir ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının   su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. “Azərsu” ASC-nin sədri  Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladaraq   bu sahədə  çoxminli işçi ordusunun formalaşdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, ötən əsrin əvvəllərində Birinci və   İkinci Bakı su kəmərlərinin çəkilişində su təsərrüfatı işçiləri böyük fədakarlıq nümayiş etdirmişlər.

   

İstehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin əsas hissəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su mənbələrindən istifadə sahəsində görülmüş işlər Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatının yaxşılaşdırılmasına töhfələr vermişdir. Ulu öndərin göstərişi əsasında  hazırlanmış “Böyük kanalizasiya” layihəsi çərçivəsində “Şəhərkənarı”, “Sənaye” və “Sahil” kollektorları tikilmiş, Hövsan Aerasiya Stansiyası istismara verilmişdir.

Ölkəmizin içməli su təchizatı və kanalizasiya sektorunun 2004-cü ildən sonrakı tarixi “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlıdır.  Prezident İlham Əliyevin 11 iyun 2004-cü il tarixdə imzaladığı sərəncamla Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyinin əsasında “Azərsu” ASC yaradılmış və bundan sonra su təsərrüfatı sektoru  yeni inkişaf dövrünə qədəm qoymuşdur: “Su təsərrüfatı sektorunda ötən 10 ilin ən böyük hadisəsi Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin tikilib istismara verilməsi olmuşdur. Bu kəmər paytaxtın su təminatında ciddi dönüş yaratmışdır. Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun və Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi həyata keçirilmişdir. Bölgələrin içməli su təchizatının təmin olunması məqsədi ilə Külüllü və Şirvan-Muğan qrup su kəməri layihələri həyata keçirilmiş,  şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrin icrasına başlanılmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində  regionlarda əhalinin 55 faizi, Bakı şəhərində 78 faizi fasiləsiz içməli su ilə təmin olunmuşdur. Bütün bu nailiyyətlərin əldə olunmasında su təsərrüfatı işçilərinin böyük xidmətləri vardır”.

  Diqqətə çatdırılmışdır ki,  Prezident İlham Əliyevin 4 iyun tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu” ASC-nin 19 əməkdaşı fəxri adlar və medallarla təltif olunmuşlar. Onlardan 3 nəfəri “Əməkdar mühəndis” adına layiq görülmüş, 16 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır. 

          

“Əməkdar mühəndis” fəxri adına layiq görülmüş  “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov, "Tərəqqi medalı" ilə təltif olunmuş Su təchizatı sistemlərinin idarəolunması şöbəsinin mühəndisi İlhamə Orucəliyeva su təsərrüfatı işçilərinin əməyinə göstərilən diqqət və qayğıya  görə ölkə  başçısına minnətdarlıqlarını bildirmiş, bundan sonrakı  əmək fəaliyyətində də qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirəcəklərini vurğulamışlar.

     Su təsərrüfatının inkişafında xüsusi xidmətlər göstərmiş və əmək fəaliyyətində fərqlənən 105 əməkdaş “Azərsu” ASC sədrinin əmri ilə Fəxri fərmana layiq görülmüşdür. Fəxri fərmanla təltif olunmuş qocaman su təsərrüfatı işçisi Telman Ağayev su təchizatı tarixindən bəhs etmiş, əmək fəaliyyəti ilə bağlı xatirələrini danışmışdır.

Daha sonra su təsərrüfatı sektorunda səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunmuşdur.

Tədbirin sonunda “Azərsu” ASC-nin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə müraciət qəbul olunmuşdur.