logo

Astara şəhərində yeni içməli su və kanalizasiya infrastrukturu yaradılacaqdır


Yaradılıb: 19-05-2014 13:01

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən  “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”  çərçivəsində Astara şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tender elan etmişdir.

“Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə əsasən şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Xanbulançay su anbarı seçilmişdir.  Su mənbəyindən Astara şəhərinə  24,8 km uzunluğunda magistral su kəməri çəkiləcəkdir. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 2  ədəd su anbarı tikiləcəkdir. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə 112,8 km paylayıcı su şəbəkəsi yaradılacaq, 5119 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi su sayğacları ilə təmin olunacaqdır.

  Layihə çərçivəsində ilk dəfə Astara şəhərində kanalizasiya şəbəkəsi yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının idarəedilməsi üçün 70,5 km uzunluğunda kanalizasiya şəbəkəsi, 8 km mikrotunel tipli kanalizasiya kollektoru, 4565 ədəd kanalizasiya quyusu, 2 ədəd nasos stansiyası tikiləcək və bütün abunəçilər şəbəkəyə qoşulacaqdır.

  Astara şəhərində  su təchizatı və kanalizasiya infrastrukturunun  yenidən qurulması işlərinə 2014-cü ilin üçüncü rübündə başlanması nəzərdə tutulur.  Layihə başa çatdırıldıqdan sonra Astara şəhəri ilə yanaşı, gələcəkdə rayonun 27 kəndi, ümumilikdə 102 min sakin faydalanacaqdır.

 Qeyd edək ki, “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Gədəbəy, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçiriləcəkdir.