logo

“Azərsu” ASC və “Suez Environnement” şirkəti arasında Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə imzalanmışdır


Yaradılıb: 12-05-2014 09:34

    Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində mayın 12-da Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının  Prezidenti Fransua Olland  biznes forumda iştirak etmişlər. Tədbirdə qeyd olunmuşdur ki, biznes strukturlarının birgə fəaliyyəti iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsinə töhfələr verəcəkdir.

Biznes forumun sonunda  Azərbaycanın və Fransanın dövlət şirkətləri və biznes qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanmışdır. Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqaviləni “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və “Suez Environnement” şirkətinin baş icraçı direktoru Jan Lui Şosad imzalamışlar.

       

Mayın 12-də “Azərsu” ASC-də   “Suez Environnement” şirkətinin baş icraçı direktoru Jan Lui Şosadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunduğunu qeyd edərək bildirmişdir ki, bu sahədə dünyanın innovativ şirkətlərinin təcrübəsindən istifadə olunur. “Bu sahədə Fransanın qabaqcıl şirkətlərinin təcrübəsinə xüsusi önəm veririk. Bizim SUEZ şirkəti ilə geniş əməkdaşlığımız vardır. Kadr hazırlığı, təcrübə mübadiləsi sahəsində SUEZ şirkətinin böyük təcrübəsi vardır və biz bu təcrübədən bəhrələnmək arzusundayıq. Ümid edirəm ki, şirkətin kadr hazırlığına verəcəyi dəstək yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rol oynayacaqdır”.

  “Suez Environnement” şirkətinin baş icraçı direktoru Jan Lui Şosad Azərbaycanda həyata keçirilən irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirmiş və yeni texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırmışdır: “Dünyanın bir çox ölkəsində işləyən “Suez Environnment” şirkəti Azərbaycanda həyata keçirilən layihələrdə iştirakdan məmnundur. İmzalanmış müqavilənin şərtlərinə uyğun olaraq kadr hazırlığı sahəsində “Azərsu” ASC-yə lazımi dəstək göstəriləcəkdir. Ümid edirəm ki, birgə fəaliyyət effektiv nəticələrin əldə olunmasına imkan yaradacaqdır”.

  Görüşdə  Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilədən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.