logo

Fövqəladə halların aradan qaldırılması məqsədi ilə mülki müdafiə məşqi keçirilmişdir


Yaradılıb: 23-04-2014 14:42

                 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mülki müdafiə üzrə 2014-cü il  üçün Tədbirlər Planına uyğun olaraq “Oğuz-Qəbələ-Bakı Su Kəməri” İdarəsinin ərazisində növbəti mülki müdafiə məşqi keçirilmişdir. Səhmdar Cəmiyyətin Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin Mülki Müdafiə Qərargahının Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə  birlikdə təşkil etdiyi təlimə “Oğuz-Qəbələ-Bakı Su Kəməri” İdarəsinin rəhbər, komandir-rəis heyətləri,  mülki müdafiə dəstələrinin şəxsi heyəti, ümumilikdə 50-dək işçi cəlb olunmuşdur.

Obyekt mülki müdafiə məşqinin keçirilməsində məqsəd fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri üzrə hazırlıq vəziyyətinin yoxlanılması olmuşdur. Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilmiş və mühafizə vasitələri ilə təchiz olunmuşdur. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılmış, imitasiya yerlərinin (dağıntı, zəhərlənmə, yanğın və s.)  hazırlanmasına diqqət yetirilmişdir. Məşq zamanı daldalanma yerlərinin hazırlanması, işçilərin təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi mühafizə vasitələrinin paylanması, xilasetmə  işlərinin aparılması və s. kimi tədbirlərə hazırlıq vəziyyəti yoxlanmışdır.

Məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal (zəlzələ) baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, xlorator binasında baş vermiş qəza zamanı zəhərlənmiş şəxslərin xilas edilməsi, zəhərlənmə baş vermiş ərazidə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımının göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetirmişlər.

Sonda məşqin nəticələri təhlil edilmiş şəxsi heyətə müvafiq tövsiyələr verilmişdir.