logo

Prezident İlham Əliyev: "İçməli su və kanalizasiya layihələri hazırda əsas prioritet məsələdir."


Yaradılıb: 15-04-2014 15:15

                     

   Aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda çıxış edən Prezident İlham Əliyev 2014-cü ilin yanvar-mart aylarında  ölkədə sosial və iqtisadi vəzifələrin uğurla icra edildiyini bildirmişdir: “İqtisadiyyat 2,5 faiz artmışdır.Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik. Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir.

   Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir. Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir”.

   Dövlət başçısı ölkədə böyük infrastruktur layihələrinin həyata keçirildiyini xatırladaraq içməli su və kanalizasiya layihələrinin prioritet olduğunu diqqətə çatdırmışdır: İnfrastruktur layihələri proqram üzrə aparılır və aparılmalıdır. Hələ ki, biz infrastruktur layihələrini tam şəkildə başa çatdıra bilməmişik. Ancaq bu istiqamətdə müsbət irəliləyiş vardır. Bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişi layihələri icra ediləcəkdir və əslində icra edilir. Bəzi rayonlarda bu layihələr başa çatıb. Bəzi rayonlarda isə hələ ki, işlər davam edir. İçməli su və kanalizasiya layihələri hazırda əsas prioritet məsələdir. Çünki elektrik enerjisi ilə təminat, qazlaşdırma sahəsindəki işlərin böyük əksəriyyəti artıq görülübdür. Hazırda kənd yolları, içməli su və kanalizasiya layihələri daha da böyük investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda Prezidentin ehtiyat fondundan artezian quyularının qazılması üçün əlavə vəsait ayrılmışdır. Bu da insanları içməli su ilə təmin etmək üçün çox önəmli bir addım olacaqdır”.