logo

“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair kredit sazişi imzalanmışdır.


Yaradılıb: 14-04-2014 15:40

      

   “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan Hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi imzalanmışdır. Kredit sazişini Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya tərəfdən isə Bankın icraçı direktoru Yim Seonq Hyueoq imzalamışdır.

   Kredit sazişinin imzalanma mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya Hökumətinin və şirkətlərinin iştirakını yüksək qiymətləndirərək, həmin layihələrin uğurla icra olunduğunu bildirmişdir. Cəmiyyətin sədri ötən il icrasına başlanılmış  və Koreya Hökuməti ilə birgə maliyyələşdirilən Kürdəxanı qəsəbəsinin su təchizatının yenidən qurulması layihəsi üzrə işlərin 70 %-dən çoxunun yerinə yetirildiyini də qonaqların diqqətinə çatdırmışdır.

   Koreya İxrac-İdxal Bankının icraçı direktoru Yim Seonq Hyueoq Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edərək, təmsil etdiyi bankın infrastruktur layihələrinə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirmişdir.

   “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu”nun tikintisinə dair Azərbaycan hökuməti ilə Koreya İxrac-İdxal Bankı arasında imzalanmış kredit sazişinə əsasən Pirşağı qəsəbəsində məhsuldarlığı 40 min kubmetr olacaq müasir tipli yeraltı çirkab su təmizləyci qurğunun tikintisi üçün 43,5 milyon dollar kredit ayrılacaqdır.  Bu vəsait ilk 10 ili güzəştli olmaqla 40 il müddətinə, illik 0,2 faizlə veriləcəkdir. 

   Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi  Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcəkdir. Yeni qurğu istismara verildikdən və ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınacaqdır. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində  toplanan tullantı suları  bu qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir.