logo

Uilyam LindIey nəslinin nümayəndələri “Azərsu” ASC-də olmuşlar


Yaradılıb: 08-04-2014 14:38

         

 Bakı şəhərinin içməli su təchizatında xüsusi əhəmiyyəti olan, bir əsrə yaxın tarixə malik, “Şollar” adı ilə məşhurlaşmış Birinci Bakı su kəmərinin ideya müəllifi və layihə rəhbəri Uilyam Lindley nəslinin nümayəndələri Azərbaycana gəlmişlər. Aprelin 8-də Lindley nəslinin nümayəndələri Karin Maria Marta, Eugen Jozef, Katerina Morvin, Aleksandr Horst, həmçinin Polşa Elmlər Akademiyasının siyasi araşdırmalar üzrə Elmi-Tədqiqat  İnstitutunun  direktoru, Lindley irsini araşdıran professor Riçard Zeliçovski “Azərsu” ASC-də olmuşlar. 

  Qonaqları salamlayan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, məşhur mühəndis Uilyam Lindleyin Azərbaycanın su təchizatı tarixində böyük xidmətləri  vardır.  U. Lindleyin  müəllifi olduğu Birinci Bakı su kəməri artıq 100 ilə  yaxın bir  dövrdə istismar olunur və Bakı sakinlərinin içməli su təchizatına töhfələr verməkdədir: “Əsasən əl əməyi hesabına tikilən kəmər yüksək keyfiyyəti ilə seçilir. Bu kəmər indiyədək sabit məhsuldarlıqla davamlı olaraq istismar edilib və demək olar ki, əsaslı təmirə ehtiyacı olmayıb. Belə bir unikal layihənin reallaşması U.Lindleyin  dövrünün peşəkar  mütəxəssisi olduğunu bir daha təsdiqləyir. Hazırda Azərbaycanda genişmiqyaslı su təchizatı və kanalizasiya layihələri həyata keçirilir. Layihələrin keyfiyyətli icrasını təmin etmək üçün podratçı təşkilatlara “Şollar” layihəsini həmişə  nümunə göstəririk.  2017-ci ildə kəmərin istismara verilməsinin 100 ili tamam olacaq və yubiley tədbirlərində sizləri yenidən Azərbaycanda görməkdən məmnun olardıq”.

      Lindleylər ailəsi adından təşəkkürlərini bildirən Eugen Jozef  ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirmiş,  bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd etmişdir.

1853-cü ildə anadan olmuş ingilis mühəndis və inşaatçısı Uilyam Lindley həyatını şəhərlərin su təchizatının yaradılmasına həsr etmişdir. Onun adı Avropanın 30-dan çox şəhərinin (Frankfurt, Varşava, Praqa , Budapeşt və s.), o cümlədən Bakının su təchizatı tarixinə qızıl hərflərlə yazılmışdır.

 

Qeyd edək ki, 19-cu  əsrin sonlarında Bakının su təchizatında yaranmış problemlərlə əlaqədar şəhər Dumasının razılığı ilə su kəmərinin layihələndirilməsi üçün mütəxəssislər dəvət edilmişdir. Bu dəvəti müsbət dəyərləndirən ingilis mühəndisi Uilyam Lindley yeraltı suların öyrənilməsi üzrə axtarışlar aparmışdır. U.Lindleyin layihəsi əsasında çəkilmiş Birinci Bakı su kəməri mənbəyini Bakıdan 187 km məsafədə - Xaçmaz rayonunun Şollar kəndindəki yeraltı sulardan götürür.  “Şollar” mənbəyi 24 artezian quyusundan, eləcə də lay və bulaq sularından qidalanır. “Şollar” su kəmərinin tikintisinə  XX əsrin əvvəllərində başlanılmış və  “Şollar” suyu 1917-ci ildə Bakı əhalisinə çatdırılmışdır. Həmin il fevralın 18-i tarixə “Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşmüşdür.  

    Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə çəkilən kəmər 100  ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir.  1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla saniyədə 1270 litr su verir.