logo

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 19-03-2014 16:49

             

     Martın 19-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətində  Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”nin  icra vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmişdir.

  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın böyük tarixi olduğunu xatırladaraq bankın ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində yaxından iştirakını yüksək qiymətləndirmişdir. Səhmdar Cəmiyyətin sədri Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”nin  icrası nəticəsində Qəbələ, Şamaxı, Saatlı və Sabirabad şəhərlərində  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulduğunu qeyd etmiş və bu sahədə işlərin qrafikə uyğun icra edildiyini bildirmişdir.

     Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət yetirildiyini bildirmiş, bu sahədə  görülən işləri yüksək qiymətləndirmişdir.

Dünya Bankının su təchizatı məsələləri üzrə aparıcı mütəxəssisi Manuel Marino  təmsil etdiyi qurumun  Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına bundan sonra da  dəstək verəcəyini diqqətə çatdırmışdır.

Görüşdə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində görülən işlər, layihələrin icrasında yeni texnologiyaların tətbiqi və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.