logo

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 18-03-2014 15:37

         

Martın 18-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidenti Kim Young Mokun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan hökuməti ilə KOICA-nın birgə maliyyələşdirdiyi “Azərbaycanda Abşeron Yarımadasında Su Çatışmazlığı üzrə Ümumi Həll: Abşeron Yarımadasının Kürdəxanı Qəsəbəsində Su Təchizatı və Kanalizasiya Sisteminin Yaradılması” layihəsi ilə bağlı müzakirələr aparılmışdır.

“Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynov Bakı şəhəri və onun qəsəbələrində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Ölkə rəhbərliyinin içməli su və kanalizasiya layihələrinə böyük diqqət ayırdığını qeyd edən Səhmdar Cəmiyyətin sədri bu sahədə Koreya hökumətinin fəaliyyətini yüksək qiymətləndirmiş, layihənin su çatışmazlığı probleminin həllinə töhfə verəcəyini bildirmişdir.

KOİCA-nın prezidenti Kim Young Mok bildirmişdir ki,  bu layihənin icrası nəticəsində Kürdəxanı  qəsəbəsində  yerli sakinlər keyfiyyətli içməli su ilə təchiz olunacaq. Bu layihə gələcəkdə tullantı sularının səmərəli idarə olunmasına, ətraf mühitin çirklənməsinin qarşısını alınmasına və yerli əhalinin sağlamlığına əhəmiyyətli töhfə verəcəkdir. Cənab Kim layihə üzrə işlərin 70 faiz icra olunduğunu xatırladaraq bu sahədə işlərin tezliklə başa çatdırılacağına ümid etdiyini bildirmişdir.

 Görüşdə "Pirşağı çirkab sutəmizləyici qurğuların quraşdırılması"layihəsi üzrə Koreyanın İxrac-İdxal Bankı ilə  martın 11-də imzalanmış sazişə də toxunulmuş və bildirilmişdir ki,  bu layihələr yerli əhalinin həyat şəraitinin yaxşılaşmasına töhfə verəcəkdir.