logo

“Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsi üzrə razılaşma sazişi imzalanmışdır


Yaradılıb: 12-03-2014 14:49

   

       Martın 11-də  Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsinin maliyyələşdirilməsini nəzərdə tutan razılaşma sazişinin imzalanma mərasimi keçirilmişdir. Razılaşma sazişini Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Suk imzalamışdır.

İmzalanma mərasimində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi bildirilmiş, iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanmışdır.

Sazişə əsasən, layihənin maliyyələşdirilməsi üçün Koreyanın İxrac-İdxal Bankının İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondu 43,5 milyon dollar kredit ayıracaq.  Ümumi dəyəri 64,2 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan  hökuməti maliyyələşdirəcəkdir. Bu vəsait  hesabına Pirşağı qəsəbəsi yaxınlığında bioloji tipli çirkab sutəmizləyici qurğu tikiləcəkdir. Müasir tipli çirkab sutəmizləyici qurğunun   məhsuldarlığı sutkada 40 min kubmetr təşkil edəcək.

Pirşağı çirkab sutəmizləyici qurğusunun tikintisi  Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcəkdir. Yeni qurğu istismara verildikdən, ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaqdır. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində  toplanan tullantı suları  bu qurğuda təmizlənərək zərərsizləşdiriləcək.

Qeyd edək ki, razılaşma sazişinin ardınca yaxın vaxtlarda “Pirşağı Çirkab Su Təmizləyici Qurğusu” layihəsinin maliyyələşdirilməsini nəzərdə tutan kredit sazişi imzalanacaqdır.