logo

“İnfrastrukturun yenilənməsi və keyfiyyət anlayışı” mövzusunda təlim proqramı başlanmışdır


Yaradılıb: 11-03-2014 16:06

               

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində tədbirləri davam etdirir. “Azərsu” ASC-nin Türkiyənin Gedik Universiteti və  UGETAM şirkəti ilə əməkdaşlığı çərçivəsində mart ayının 11-də “İnfrastrukturun yenilənməsi və keyfiyyət anlayışı”  mövzusunda növbəti təlimə start verilmişdir.  Bu məqsədlə Türkiyənin bir sıra təhsil və sənaye müəssisələrinin mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizə gəlmişdir.

    

Təlim proqramının açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri  Qorxmaz Hüseynov layihələrin keyfiyyətlə icra olunmasında, eləcə də infrastrukturun idarəedilməsində yeni texnologiyaların tətbiqinə ciddi diqqət yetirildiyini bildirmişdir. Bu sahədə qabaqcıl təcrübənin   mənimsənilməsi və tətbiqi məqsədi ilə müxtəlif ölkələrin, o cümlədən Türkiyənin  şirkətləri ilə sıx əməkdaşlıq edilir. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin mütəxəssisləri ölkə daxilində və xaricdə təşkil olunan  təlimlərə cəlb edilirlər.  Son 2 ildə təşkil olunmuş 75 təlimə Səhmdar  Cəmiyyətin 1600-ə yaxın işçisi cəlb olunmuşdur. Mütəxəssislərin  240 nəfəri  Türkiyə Su İnstitutu, İstanbul şəhər Sukanal İdarəsi, 12 rəhbər işçi isə İzmit Sukanal İdarəsində istehsalat sahələri ilə tanış olmaq imkanı əldə etmişlər. Təlimlərdə layihələndirmə, tikinti, mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə  mütəxəssislər iştirak etmiş, böyük təcrübə qazanmışlar.  “Azərsu” ASC-nin sədri belə tədbirlərin təşkilinin əhəmiyyətli olduğunu və təlimlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirmişdir.

                           

Təlim keçmək üçün dəvət olunmuş Türkiyənin  Gedik  Holdinq şirkətinin rəhbəri Mustafa Koçak, Türkiyə Respublikasının ölkəmizdəki səfirinin müşaviri Meral Barlas,  Gedik Universitetinin müəllimi, sabiq səfir Erkan Gezer,   UGETAM şirkətinin idarə heyətinin rəhbəri Ümit Doğay Arınç  çıxış edərək təlimlərin əhəmiyyətini vurğulamış, bu sahədə Azərbaycan şirkətlərinə kömək etməkdə maraqlı olduqlarını bildirmişlər. 

      4 gün davam edəcək təlimlərdə “Azərsu” ASC-nin əməkdaşlarına, həmçinin su və kanalizasiya layihələrini icra edən podratçı şirkətlərin mütəxəssislərinə qaynaq texnologiyaları, içməli suyun təmizlənməsi və nəqli, tullantı sularının  zərərsizləşdirilməsi, sayğaclaşma  və digər məsələlərlə bağlı təlimlər veriləcəkdir.