logo

Tikinti-quraşdırma işləri geniş vüsət almışdır


Yaradılıb: 24-02-2014 14:05

            

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Təsdiqlənmiş dövlət proqramlarının icrasını təmin etmək, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 2013-cü ildə genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilmişdir.

     Statistik məlumatlara göstərir ki, Səhmdar Cəmiyyətinin yarandığı vaxtdan-2004-cü ildən indiyədək ən böyük miqyasda tikinti işləri 2013-cü ildə icra edilmişdir. İl ərzində 2062 km uzunluğunda su xətti çəkilmişdir ki, bu da 2012-ci illə müqayisədə 62 faiz çoxdur. Çəkilmiş su xətlərinin 1222 km-i regionlarda həyata keçirilmiş layihələrin payına düşür. 2013-cü ildə 534 km uzunluğunda kanalizasiya xətti çəkilmişdir ki, bunun da 433 km-i regionlarda  inşa edilmişdir. Ötən il paytaxt və regionlarda 17 ədəd su, 2 ədəd kanalizasiya nasos stansiyaları  tikilərək istismara verilmişdir. 2013-cü ildə anbarların tikintisi və yenidən qurulması üzrə işlərin həcmi 2 dəfə artmışdır. Belə ki, il ərzində 28-i rayonlarda olmaqla 56 ədəd su anbarı tikilmişdir. İl ərzində 15 ədəd artezian və subartezian quyuları qazılmış, 191 min ədəd smart-kart  sayğacı quraşdırılmışdır.

      2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə 2013-cü ildə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yaradılması və yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir. Bu məqsədlə ümumi uzunluğu 820 km içməli su xətti, çəkilmiş və 300 km su xətti təmir edilmişdir. Layihələrə uyğun olaraq ümumi uzunluğu 200 km olan kanalizasiya xətləri və kollektorları tikilmiş, 26 km kanalizasiya xətləri yenidən qurulmuşdur.

Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır.