logo

Təlimləri müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə sertifikatlar verilmişdir


Yaradılıb: 19-02-2014 14:57

   

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş növbəti  layihə yekunlaşmışdır. Türkiyənin TeknoYapı şirkəti ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə İstanbul şəhərində keçirilmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 160 mütəxəssisə sertifikatlar verilmişdir.   

   Bununla bağlı fevralın 19-da  keçirilən tədbirdə  “Azərsu” ASC-nin  sədri Qorxmaz Hüseynov ölkədə gənclər siyasətinin dövlətin prioritet  məqsədlərindən olduğunu xatırladaraq Səhmdar Cəmiyyətdə gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulamışdır.  Cəmiyyətin sədri ölkədə  həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək işlərin keyfiyyətli icrasını təmin etmək məqsədilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırmışdır. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verən Səhmdar Cəmiyyətin sədri ötən il müxtəlif sahələri əhatə etməklə 54  təlim kursunun keçirildiyini  xatırlatmışdır. Bu təlimlərdə Səhmdar Cəmiyyətin 1102 əməkdaşı iştirak etmiş və mütəxəssislər həm yerli, həm də Türkiyə, Avstriya, Yaponiya, Koreya Respublikası, Filippin və Sinqapurda keçirilmiş təlimlərin iştirakçısı olmuşlar.

   

Ötən il “Azərsu” ASC-nin  160 gənc mütəxəssisi Türkiyə Su İnstitutu, İstanbul şəhər Sukanal İdarəsi və digər təşkilatlarda təlimlərdə iştirak etmişlər. Təlim çərçivəsində Səhmdar Cəmiyyətin mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə  mütəxəssisləri istehsalat sahələri ilə tanış olmaq imkanı qazanmışlar. Türkiyəyə ezam olunmuş mütəxəssislər təlimləri uğurla başa vurmuş və müvafiq sertifikatlara layiq görülmüşlər: Təlimlər Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən keçirilmiş və istehsalat sahələrində olan əməkdaşlarımıza texnoloji proseslərin  incəlikləri əyani şəkildə izah edilmişdir. İstanbul şəhər Sukanal İdarəsi,  Türkiyə Su İnstitutu və “TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə təşkilinə böyük dəstək göstərmişdir. Əgər 2012-ci ildə Türkiyədə keçirilmiş təlimlərdə 80 gənc mütəxəssis iştirak etmişdisə ötən il qarşılıqlı razılıq əsasında təlimlərin sayı artırıldı və 160 mütəxəssis Türkiyəyə ezam olundu. Qaydalara uyğun olaraq təlimdən  əvvəl və sonra gənc mütəxəssislərin bilik səviyyələri qiymətləndirilir. Bu dəfə də imtahanların nəticələri təlimlərin böyük fayda verdiyini üzə çıxardı. Təlimlər təcrübə mübadiləsi və karyera yüksəlişi baxımından da əhəmiyyətli olmuşdur.  Belə ki, qazanılmış təcrübə, səmərəli fəaliyyət və digər amillər nəzərə alınaraq ötən ilki təlimlərdə iştirak etmiş əməkdaşlardan bəziləri şöbə rəisi, sahə rəisi və növbə rəisi vəzifələrinə irəli çəkilmişlər. Bununla yanaşı təlim kurslarında iştirak edənlər qazandıqları bilik və təcrübələri həmkarları ilə bölüşməklə ümumi işə öz töhfələrini verirlər”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qeyd etmişdir ki, su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların tətbiqi əsas götürülərək gənc mütəxəssislərimizin xarici ölkələrə təcrübə kurslarına göndərilməsi gələcəkdə də davam etdiriləcəkdir.

 Tədbirdə iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını bildirərək qeyd etmişdir ki, tədris prosesində əldə olunan uğurlar onların peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərəcək: “Gənc olmalarına baxmayaraq, iştirakçıların təlim prosesində yeni texnologiyalar və qabaqcıl təcrübələrin öyrənilməsinə böyük həvəs və maraq göstərdiklərinin şahidi olduq. Ümid edirəm ki, iştirakçılar təlimlərdə qazandıqları təcrübəni gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər”.  

  Türkiyənin “TeknoYapı” şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirmişdir: “Tədris prosesində “Azərsu” ASC-nin əməkdaşlarının böyük marağının şahidi olduq. Təlimlər müxtəlif sahələr üzrə keçirilsə də biz kadrların hərtərəfli bilgi əldə etməsi üçün su təchizatı və kanalizasiya infrastrukturunun bütün incəlikləri barədə məlumat verdik”.

   Təlimlərdə iştirak etmiş Azər Fərzəliyev, Sənginur Quliyeva, Samir İlyasov tədris prosesində qazandıqları bilik və təcrübənin gələcək fəaliyyətlərində tətbiq edəcəklərini bildirmişlər.  

  Tədbirin sonunda təlimlərdə iştirak etmiş gənc mütəxəssislərə sertifikatlar təqdim olunmuşdur.