logo

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçid üzrə təlim kursları uğurla davam etdirilir


Yaradılıb: 18-02-2014 16:19

 

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçid istiqamətində işlər davam etdirilir. Beynəlxalq standartların tətbiqi Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat vəziyyəti barədə beynəlxalq təşkilatlara və maliyyə institutlarına, dövlət orqanlarına, ictimaiyyətə dürüst və etibarlı məlumatların ötürülməsini və bu sahədə şəffaflığı təmin edir.

    Beynəlxalq maliyyə standartların tətbiqi bu sahədə nəzəri və praktik təcrübəsi olan  yüksək ixtisaslı mütəxəssislərin hazırlığından əhəmiyyətli dərəcədə  asılıdır. Bu baxımdan “Azərsu” ASC mütəxəssislərinin təcrübələrinin artırılması diqqətdə saxlanılır və onların konfrans, seminar və treninqlərdə iştirakı təmin olunur.

   Mühasibat uçotu sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə “Azərsu” ASC tərəfindən mütəmadi olaraq təlim kursları təşkil olunur. Təlimlər  İAB-ın (Mühasiblərin Beynəlxalq Assosiasiyası) mühasibat uçotunun baza səviyyəsi, İCFM-in (Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutu) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Audit və Maliyyə menecmenti, ACCA-nın ( Sertifikatlaşdırılmış və Vəkil edilmiş Mühasiblər Assosiyasiyası)  DipİFR (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Diplom) kvalifikasiya imtahanına hazırlıq proqramları əsasında  keçirilir.

2012-2013-cü illərdə "Azərsu" ASC-nin 239 əməkdaşı təlimlərə cəlb olunmuşdur. Kursları müvəffəqiyyətlə başa vurmuş   mütəxəssislər 103 ədəd diplom və sertifikat qazanmışlar.

Hazırda "Azərsu" ASC–nin regionlarda  fəaliyyət göstərən  idarə və müəssisələrinin də əməkdaşları  yerlərdə təşkil olunan təlim kurslarına cəlb olunurlar. İndiyədək bölgələrdə keçirilən təlimlərdə 79 nəfər cəlb edilmiş və onlardan 20 nəfəri müvəffəqiyyət qazanmışdır.

Beynəlxalq standartlara keçidlə əlaqədar "Azərsu" ASC-nin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübəsinin yüksəldilməsi məqsədi ilə ixtisasartırma kurslarının təşkili  gələcəkdə də davam etdiriləcəkdir.

Qeyd edək ki, 2012-ci ildə Səhmdar Cəmiyyətdə Beynəlxalq Maliyyə standartlarına keçid işlərini yüksək qiymətləndirən  Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutu “Azərsu” ASC-ni Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi uğurla aparan təşkilat nominasiyasında 1-ci yerə layiq görmüşdür.