logo

"Azərsu" ASC-də 2013-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir


Yaradılıb: 13-02-2014 13:02

            

Fevralın 12-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində içməli su təchizatı və kanalizasiya sektorunda 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilmişdir.

 Müşavirəni giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Q.Hüseynov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət yeni-yeni töhfələr vermişdir. 2013-cü ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Ötən il infrastruktur sahələrində, o cümlədən su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilmişdir. Dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğısı nəticəsində içməli  su təchizatı və kanalizasiya sektoru 2013-cü ildə  yeni inkişaf dövrünə qədəm qoymuşdur: “Dövlət başçısının əhalinin  24 saat  fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2013-ci ildə  bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. 2013-cü ildə  icra olunan layihələr  24 şəhər və rayon mərkəzini həmçinin 300-dən çox kəndi əhatə etmişdir. Ötən ilin ən əlamətdar hadisələri möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə 9 şəhər mərkəzinə içməli suyun verilməsi, həmçinin Mərkəzi Laboratoriyanın yeni binasının açılışı oldu. Ötən il əhaliyə göstərilən içməli su və kanalizasiya xidmətlərində keyfiyyət dəyişiklikləri müşahidə olunmuşdur. Şirvan-Muğan Qrup su  kəməri, Külüllü su mənbəyi və Ceyranbatan-Qala magistral su kəməri layihələrinin yekunlaşması ilin mühüm hadisələri kimi tarixə düşmüşdür”.

2013-cü ildə Novxanı-Sumqayıt kanalizasiya kollektorunun tikintisi başa çatmış, Dərnəgül-Balaxanı-Qaraçuxur, Xirdalan-Xocahəsən, Pirşağı sahilboyu, Bayıl-Bibiheybət kanalizasiya kollektorlarının tikintisinə başlanılmışdır.   

    Ümumilikdə il ərzində 2061 km içməli  su, 534 km kanalizasiya xətləri çəkilmiş,  20  ədəd su anbarı  və 19 ədəd nasos stansiyası tikilmiş, 15 ədəd artezian və subartezian quyuları qazılmışdır. 2013-cü ildə Baki şəhəri və Abşeron yarımadası üzrə 900-dək çoxmərtəbəli yaşayış binasının həyətlərində və daxili su təchizatı sistemlərində yenidənqurma işləri aparılmış,   191 minə qədər smart-kart tipli su sayğacı quraşdırılmışdır.  

     Görülmüş tədbirlər nəticəsində 191 min nəfər ilk dəfə mərkəzləşmiş qaydada  içməli su ilə təmin olunmuş, fasiləsiz su ilə  təmin olunan əhalinin çəkisi  Bakı şəhərində 78 faizə, regionlarda  isə 55 faizə çatdırılmışdır.

      2013-cü ildə  Səhmdar Cəmiyyətin beynəlxalq əlaqələri daha da genişlənmiş, Master Planın hazırlanması üzrə işlər başa çatdırılmış, yeraltı infrastrukturların AzersuGİSə  daxil edilməsi işlərinə başlanılmışdır. Ötən il   maddi-texniki bazanın gücləndirilməsi, kadr hazırlığı, əməyin təhlükəsizliyi, ekoloji və sosial məsələlərə diqqət artırılmışdır.

Daha sonra “Azərsu” ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənov, sədrin tikinti  üzrə müavini Seymur Seyidov, informasiya-kommunikasiya texnologiyaları üzrə müşavir İlham Bayramov, Abonent işləri departamentinin rəis müavini Elşad Quliyev, “Gəncə Sukanal” İdarəsinin rəisi Bəhlul Ramazanov və Suraxanı rayon Sukanal idarəsinin rəisi Rövşən Kazımov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə  2013-cü ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər.   

    “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq 2014-cü ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. 2013-cü ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri cari ildə beynəlxalq layihələr çərçivəsində bir sıra  rayonlarda işlərə başlanılacağını diqqətə çatdırmışdır. Q.Hüseynov “Azərsu” ASC-nin yeni texnologiyalardan istifadəni prioritet seçdiyini xatırladaraq kadr hazırlığı istiqamətində təxirəsalınmaz tədbirlərin görülməli olduğunu vurğulamışdır.

  “Azərsu” ASC-nin sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar vermişdir. “Azərsu” ASC-nin sədri istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abunəçilərlə normal ünsiyyət və davranış qaydalarının təmin edilməli olduğunu qeyd etmişdir: “Əsas məqsədimiz istehlakçılara yüksək səviyyədə xidmət göstərmək, daha çox vətəndaşı keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etməkdir. 2014-cü ildə bu sahədə qarşımızda yeni vəzifələr dayanır. Ümid edirəm ki, su təsərrüfatı işçiləri əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də qarşıya qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirərək daha böyük nailiyyətlər qazanacaqlar”.