logo

Təlim kursları və seminarlarda 1102 mütəxəssis iştirak etmişdir


Yaradılıb: 03-02-2014 16:10

         

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində tədbirləri davam etdirir. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübəsinin yüksəldilməsi məqsədi ilə Səhmdar Cəmiyyətin Təlim-tədris Mərkəzi tərəfindən  yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi treninqlər  təşkil edilir. İnkişaf etmiş ölkələrin su təchizatı və kanalizasiya sektorundakı təcrübələrinin öyrənilməsi üçün mütəxəssislər xarici ölkələrə ezam olunaraq təlimlərdə iştirak edirlər. 

  “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya sistemlərində yeni texnologiyaların tətbiqi ilə əlaqədar 2013-cü ildə həm ölkə daxilində, həm də xarici ölkələrdə təşkil olunmuş 54 təlimə Səhmdar Cəmiyyətin 1102 nəfər işçisi cəlb olunmuşdur. Mütəxəssislərdən 165 nəfəri  Türkiyə, Yaponiya, Koreya Respublikası, Flippin və Sinqapurda keçirilmiş təlimlərdə iştirak etmiş, xarici ölkələrin təcrübəsi ilə tanış olmuşdur. Xarici ölkələrə ezam olunmuş mütəxəssislər  layihələndirmə, çirkab suların idarəedilməsi və satınalmalar üzrə təşkil olunmuş təlimlərdə iştirak etmişlər.

    İstanbul Su Kanal İdarəsi (İSKİ) ilə əməkdaşlıq çərçivəsində “Azərsu” ASC-nin 160 nəfər gənc mütəxəssisi Türkiyə Su İnstitutu, İstanbul şəhər Sukanal İdarəsi və digər təşkilatlarda istehsalat sahələri ilə tanış olmaq imkanı əldə etmişlər. Ötən il keçirilmiş seminarlarda Səhmdar Cəmiyyətin  mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə  mütəxəssislər iştirak etmişlər. Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən təşkil edilən seminarlarda müxtəlif istehsalat sahələrində  texnoloji proseslərin incəlikləri əyani şəkildə izah edilmiş, yeni texnologiyalar barədə məlumatlar verilmişdir.  

       Qeyd edək ki,  2012-ci ildə təşkil olunmuş 21 təlimdə 482 nəfər iştirak etmişdir.