logo

Yeni texnologiyanın tətbiqi ilə bağlı tədqiqat işi AMEA-da müzakirə olunmuşdur


Yaradılıb: 30-01-2014 15:04

     

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətində su təchizatı və kanalizasiya sektorunda elmi yeniliklərin və yeni texnologiyaların mənimsənilməsi və tətbiqinə xüsusi  diqqət yetirilir. Səhmdar Cəmiyyətin mütəxəssislərinin tədqiqatları elmi ictimaiyyət  tərəfindən  böyük maraqla qarşılanır.

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Azərsu ASC-nin Elm və texnika şöbəsinin yeni texnika və texnologiyaların tətbiqi üzrə aparıcı mühəndisi, fizika üzrə fəlsəfə doktoru Elçin Qurbanovun “İçməli və tullantı sularının dezinfeksiyasını təmin edən yeni texnoloji üsullar” adlı layihəsi geniş müzakirə olunmuşdur.

İclasda təqdimatla çıxış edən  Elçin Qurbanov bildirmişdir ki, suyun dezinfeksiyası üçün təqdim olunan yüksək gərginlikli mikro və nano-saniyəli impulslar üsulu elmi cəhətdən yenidir. Bu texnologiyalar ənənəvi dezinfeksiya üsulları ilə müqayisədə ekoloji və iqtisadi baxımdan daha səmərəlidir. Bu məsələnin həlli istiqamətində həyata keçirilmiş tədbirlərdən danışan E.Qurbanov içməli və tullantı sularının dezinfeksiyasında istifadə olunan xlorlaşma prosesinin qismən və ya bütövlükdə enerji qənaətli və ekoloji cəhətdən təmiz yüksək gərginlikli impuls qaz boşalmaları texnologiyası ilə əvəz edilməsinin vacibliyini vurğulamışdır. Bu məqsədlə “Azərsu” ASC ilə AMEA-nın  birgə əməkdaşlığı çərçivəsində mövzu ilə əlaqədar elmi-tədqiqat işlərinin aparılması qərara alınmışdır. Elmi-tədqiqat işləri AMEA Fizika İnstitutunun Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasında, həmçinin “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında aparılacaq. Tədqiqatların nəticələrinə əsasən, bu texnologiyaların sutəmizləyici qurğularda tətbiqi ilə əlaqədar pilot qurğunun işlənməsi istiqamətində təkliflər hazırlanıb təqdim ediləcəkdir.

Müzakirələr zamanı mövzunun aktuallığı xüsusi vurğulanmış və məsələnin müzakirəsinin AMEA-nın Rəyasət Heyətinin iclasına çıxarılması tövsiyə olunmuşdur. Eyni zamanda bu sahədə AMEA ilə “Azərsu” ASC arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.

Qeyd edək ki, E.Qurbanovun bu mövzuda həm respublikamızda təşkil olunmuş seminarlarda, həm də xarici ölkələrdə, xüsusilə ABŞ, Rusiya, Türkiyə,  İran, Çex Respublikasında  keçirilmiş beynəlxalq konfranslarda çıxışları böyük maraqla qarşılanmış və onun müəllifi olduğu elmi məqalələr xarici ölkələrdə dərc edilmişdir.