logo

“Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında Memorandum imzalanmışdır


Yaradılıb: 24-01-2014 13:44

            

   Yanvarın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti   (BDU) arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum  imzalanmışdır. Sənəd “Azərsu” ASC-nin  müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur. 

   İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycanda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin milli təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışmış, bu təhsil ocağında tədrisin keyfiyyətinin artırılması, kadr hazırlığı sahəsində qazanılan uğurlardan bəhs etmişdir. Ölkə rəhbərliyi tərəfindən təhsil və istehsalat  müəssisələri arasında əlaqələrin genişləndirilməsinin prioritet elan edildiyini xatırladan rektor “Azərsu” ASC ilə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirmişdir: “Son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə də kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində böyük işlər görülür və “Azərsu” ASC layihələrin icrasında ən son texnologiyaların tətbiqinə üstünlük verir. Bunların nəticəsidir ki, ötən il keçirilmiş birinci Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgi və Konfransına maraq böyük olmuş və dünyanın 23 ölkəsinin alim və şirkətləri bu tədbirə qatılmışlar. Konfransın işində  universitetimizin əməkdaşları da yüksək səviyyədə təmsil olunmuşlar və Bakı Dövlət Universiteti olaraq biz də bu işlərə öz töhfəmizi vermək niyyətindəyik. Universitetimizdə “Azərsu” ASC-nin  fəaliyyətinə uyğun bir sıra ixtisaslar vardır və hesab edirəm ki,  bu əməkdaşlıq elmi və praktiki baxımdan hər iki tərəf üçün faydalı olacaqdır”.

   

  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərək bildirmişdir ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində, 38 şəhər və rayon mərkəzi, həmçinin 350-ə yaxın kənddə layihələr icra olunur: “Bu layihələrin icrası nəticəsində cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycan vətəndaşları dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Bu işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac vardır. “Azərsu” ASC yüksək ixtisaslı kadrların hazırlanmasında Bakı Dövlət Universitetinin imkanlarından maksimum istifadə etmək niyyətindədir. Hesab edirəm ki, “Azərsu” ASC üçün yüksək ixtisaslı kadrların hazırlanmasında  universitetin imkanlarından yararlanmaq bizim üçün çox faydalı olacaqdır. Gələcəkdə universitetin  professor və müəllimlərinin köməyi ilə bizim mütəxəssislər üçün treninq, seminar və  təlim kurslarının təşkili də planlaşdırılır. Ümid edirəm ki, bu əməkdaşlıq qısa müddətdə öz bəhrəsini verəcəkdir”.

   “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma  əsasən universitetin hidrologiya, geologiya, ekologiya, biologiya, kimya və digər ixtisasları üzrə təhsil alan tələbə və magistrlər “Azərsu” ASC-nin idarə  və müəssisələrində təcrübə keçməklə “Yay məktəbi” proqramına cəlb olunacaqlar. Proqram müddətində təcrübə keçən tələbələr müvəqqəti işlə təmin ediləcəklər. Universiteti müvəffəqiyyətlə başa vuran və təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin tələbatına uyğun olaraq müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.

  Daha sonra “Azərsu” ASC ilə Bakı Dövlət Universiteti arasında  “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandumun  imzalanması mərasimi keçirilmişdir. Sənədi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və  Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov imzalamışlar.

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Universitetin dostu” mükafatına layiq görülmüşdür.