logo

İçməli su və kanalizasiya layihələrinin icrası 2014-cü ildə də davam etdiriləcəkdir


Yaradılıb: 11-01-2014 09:51

          

Yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Prezident İlham Əliyev 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulamışdır. Dövlət başçısı bildirmişdir ki, 2013-cü ildə respublikada ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektoru 9,8 faiz, əhalinin pul gəlirləri 8 faiz artmış, inflyasiya 2,4 faiz təşkil etmişdir. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda – 28 milyard dollar investisiya qoyulmuş, ölkəmizin strateji valyuta ehtiyatı 50 milyard dollara çatmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılmışdır və işsizlik bir qədər də aşağı salınaraq 5 faiz təşkil etmişdir. Respublikamızda yoxsulluğun səviyyəsi 5,3 faizə düşmüşdür. Ümumilikdə  2013-cü il ölkəmizin dinamik inkişafı, böyük layihələrin icrası, islahatların aparılması baxımından əhəmiyyətli olmuşdur.

Sonra maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək 2013-cü ildə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişlər.

İclasa yekun vuran Prezident İlham Əliyev ötən il əldə olunan uğurların 2014-cü ildə də davam etdirilməsi üçün investisiya proqramlarının genişləndirilməsinin, makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin, inflyasiyanın səviyyəsinin sabit saxlanılmasının vacibliyini vurğulamışdır. Dövlət başçısı bu il qəbul ediləcək növbəti regional inkişaf, Bakı və ətraf qəsəbələrin inkişafı proqramlarının icrası ilə bağlı qarşıda yeni vəzifələrin durduğunu bildirmişdir.

 Prezident İlham Əliyev 2013-cü ildə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışmış, bu sahədə tədbirlərin davam etdirilməsi üçün müvafiq tapşırıqlar vermişdir: "İnfrastruktur layihələrinin içində deyə bilərəm ki, hazırda ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir. Keçən il mən bir neçə şəhərdə içməli su layihələrinin açılışında iştirak etmişəm və bu il də bu proses davam etdiriləcəkdir. Bütövlükdə respublika üzrə əhalinin 55 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Əlbəttə ki, bu, çox aşağı bir göstəricidir. O da həqiqətdir ki, içməli su, kanalizasiya məsələləri bütün dövrlərdə çox kəskin problem olmuşdur. Bölgələrimizdə kanalizasiya xətləri ümumiyyətlə olmamışdır. Bakının kanalizasiya xətləri köhnəlmişdir, bugünkü standartlara uyğun deyildir. Ona görə, bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir. Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır”.

     2013-cü ildə 100-dən çox kənddə subartezian quyularının qazıldığını  xatırladan dövlət başçısı 2014-cü ildə bu sahədə işlərin 200-dən çox  kəndi əhatə edəcəyini diqqətə çatdırmışdır. Dövlət basçışı əhalinin içməli su ilə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir: “Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilməlidir. Əlbəttə ki, burada əsas işləri “Azərsu” Açıq Səhmdar Cəmiyyəti icra edir. Eyni zamanda, qeyd etdiyim kimi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması işləri də aparılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğuların quraşdırılmasını təmin edir. Artıq yüzlərlə kənd o layihələrlə əhatə edilir. Artıq keçən il birinci pilot layihəsi icra edilmişdir. Bu da ilk növbədə, suvarma məqsədləri üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsidir. Artıq bu pilot layihəsi icra edilibdir. Biz bu praktikanı genişləndirməliyik. Gələcəkdə isə, lazım gəldikdə Xəzər dənizinin suyundan içməli su kimi istifadə etmək üçün də imkan olacaqdır. Yəni, bu layihələr deyə bilərəm ki, bu gün sosial infrastruktur layihələri arasında prioritet yerlərdən birindədir. Mən bu layihələrə ona görə infrastruktur layihələri deyirəm ki, bu layihələr sırf sosial məna daşıyır və vəsaitlər ancaq insanların sağlamlığı, rahatlığı üçün qoyulur".

    Prezident İlham Əliyev 2014-cü ili həm də 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq prosesində həlledici il kimi səciyyələndirmişdir. Dövlət başçısı 2014-cü ilin “Sənaye ili” elan etmişdir.