logo

Texniki şərtlərin verilməsi qaydaları sadələşdirilmişdir


Yaradılıb: 09-01-2014 15:23

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Son illər Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda yeni su təchizatı və kanalizasiya infrastrukturlarının yaradılması  xidmət göstərilən abunəçilərin əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur. Bunun nəticəsində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinə qoşulan abunəçilərin sayında ciddi artım müşahidə olunur.

   Bu sahədə görülmüş işlərlə  paralel olaraq istehlakçıların su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının sadələşdirilməsi istiqamətində növbəti addım atılmışdır. Belə ki, indiyədək Bakı şəhəri və Abşeron rayonunda yaşayanlar texniki şərt almaq üçün birbaşa “Azərsu” ASC-yə müraciət edirdi.  Bu sahədə aparılan islahatlar nəticəsində yerli sukanal idarələrində texniki şərtlərin verilməsi üçün lazımi şərait yaradılmışdır. Artıq abunəçilər (əhali qrupu) sənədlərini rayon sukanal idarələrinə təqdim edib texniki şərtləri oradan ala bilərlər. Texniki şərt almaq üçün şəxsiyyət vəsiqəsinin, həmçinin mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri təqdim edilməlidir.  Müraciət edildikdən sonra “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinin mütəxəssisləri sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və “Su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq sənəd təsdiq edilir.

    Tətbiq olunan yeniliklər nəticəsində texniki şərtlərin verilmə müddəti də azaldılmışdır. Belə ki, indiyədək texniki şərtlərin hazırlanması və təsdiqi prosedurası  üçün 15 gün vaxt müəyyən edilmişdisə, artıq bu ildən vətəndaşlar həmin sənədlə cəmi 3 iş günü ərzində təmin olunurlar.  

   “Azərsu” ASC bir daha bəyan edir ki, əhali qrupu üçün texniki şərtin verilməsi, eləcə də su sayğaclarının quraşdırılması pulsuzdur. “Azərsu” ASC vətəndaşlardan xahiş edir ki, texniki şərtin verilməsi və ya sayğac quraşdırılması zamanı hər hansı bürokratik amillə rastlaşdıqda dərhal 955 saylı Zəng Mərkəzinə məlumat versinlər.